Professor: Yaddaş zəifliyinin koronavirusla heç bir bağlılığı yoxdur

Peyvənd milyonların həyatını xilas etdi

“Bu kateqoriya əsasən dini zehniyyətə xidmət edən, cahil olan və onların təsiri altına düşən insanlardır”


  Koronavirusa yoluxub sağalmış bəzi insanlar xəstəliyin sonrakı fəsadlarından şikayətlənirlər. Son vaxtlar şikayətlərin çoxu unutqanlıq və yaddaş itkisi ilə bağlıdır.
Müşahidələr göstərir ki, COVID-19-dan  sonra insanların sinir sistemində gərginlik yaranıb. Xüsusilə fikir dağınıqlığı, diqqətsizlik, səbirsizlik, psixi və ən əsası yaddaş pozğunluğu kimi əlamətlər baş qaldırıb
  Klivlend Klinikasında COVID-19 və nevrologiyanı tədqiq edən Lara Çezi bildirib ki, bu virusa yoluxan şəxslərdə beyin iltihabı, beyin dumanı və yaddaş itkisi kimi simptomlar görülür. O, xəstələrdə COVID-dən sonra xroniki baş ağrıları və anomal iltihabların yarandığını müşahidə etdiyini vurğulayıb.
  Mütəxəssislər hesab edir ki, xəstəliyi keçirmiş, eləcə də xəstəliyin davamı müddətində bəzi insanlarda müşahidə olunan operativ yaddaş pozğunluğu, "beynin sanki dumanlanması”, "şüurun qaranlıqlaşması” və sair kimi əlamətlər, immun sistemin virusa qarşı kəskin əks reaksiyasının nəticəsidir. Yaddaşda saxlanılan məlumatları əldə etmək mümkün olmasa, deməli, bu, amneziya xəstəliyinin göstəricisidir.

  Professor Adil Qeybulla isə “Sherg.az"a açıqlamasında deyib ki, koronavirus pandemiyası bitsə də, virus epidemiyası xırda ocaqlar şəklində  davam edir. Onun sözlərinə görə, koronavirusun öldürücü qabiliyyəti xeyli aşağı düşsə də, Omikron ştammının mutasiya variantlarına yoluxmalar müşahidə edilir. 
  Hansısa xəstə koronavirus keçirdiyinə görə yaddaşı pozulub kimi iddiaları əsassız hesab edən professor yaddaş pozğunluğunun koronavirusla bağlılığının olmadığını bildirib:
 “Ümumiyyətlə, koronavirusun yayıldığı ilk zamanlardan bəri peyvəndlərə qarşı münasibət birmənalı deyil. Son vaxtlar qəfil vəfat edən gənc və ortayaşlı insanların sayı xeyli artıb ki, bunun da səbəbini əksəriyyət koronavirus əleyhinə vurulan peyvəndlərdə görür. Əlbəttə ki, hər bir xəstəlik özündən sonra orqanizmdə müəyyən bir iz qoyur, hansısa orqan və sistemləri daha əlverişsiz vəziyyətə gətirib çıxarır. COVID-19 virusu keçirənlərin çox ciddi travmatik fəsadlar yaşadığının, sinir sistemində dəyişikliklər olduğunun da müəyyən hallarda şahidi oluruq. Lakin bütün bunlar  koronavirusun və ya vaksinin kütləvi şəkildə yaddaş zəifliyinə, qəfil ölümlərə səbəb olduğu anlamına gəlmir”.

  Pandemiya zamanı xeyli sayda insanın anticovid, antivaksin təbliğatı ilə məşğul olduğunu xatırladan A.Qeybulla deyib ki, insanlarımız inanmaq istəmir ki, koronavirus pandemiyasının sönməsinin əsas səbəbi məhz vaksinasiya  prosesi oldu:
" Məhz vaksin infeksiya zəncirini qıraraq qlobal pandemiyanı bitirdi. Davam edən epidemik ocaqlar da elə vaksinasiyadan yayınan, yalandan özünə vaksin kağızı alıb peyvənddən imtina edən insanların üzündən davam edir. Koronavirus infeksiyasından birdəfəlik qurtulmağın yeganə yolu vaksinasiyadır. Ona görə də vaksinlə bağlı aparılan  antitəbliğatı təhlükəli hal hesab edirəm. Bu kateqoriya əsasən dini zehniyyətə xidmət edən, cahil olan və onların təsiri altına düşən insanlardır. Halbuki peyvənd insanların həyatını xilas etdi. İnsanlara tövsiyəm budur ki, vaksin olunsunlar. Virus immun yaddaşla qarşılaşmalıdır. Vaksinasiyanı kölgə altında saxlamaq, zərərli effektlərindən danışmaq doğru deyil. Milyonlarla insanın həyatını xilas edən vaksin milyonda bir insana yaxşı təsir etməyə bilər. Bu, normal haldır və vaksindən imtina üçün əsaslı səbəb deyil”. 

  Mövsümlə əlaqədar bir çox virusların aktiv olduğunu vurğulayan A.Qeybulla deyib ki, insanlar arasında yayılan viruslar həm koronavirusun omikron ştammının mutasiyaya uğramış variantları, həm qrip, həm də  rotaviruslardır. Respirator viruslara yoluxduqda şəxsi gigiyenaya əməl etmək, yataq rejimində müalicə almaq vacibdir.