Yuxusuzluq insanın yuxuya getməsinə mane olan və ya yata bilməməsinə səbəb olan yuxu xəstəliyidir.
Araşdırmalara görə, yuxusuzluq halları qadınlarda daha çox rast gəlinir. Keyfiyyətli yuxu insan sağlamlığı üçün vacibdir. Bu problem insanın sosial və iş həyatında müxtəlif problemlərə yol aça bilər. Yuxu problemi olan insanlar zehni və fiziki cəhətdən özlərini pis hiss edirlər.
Bəs, yuxusuzluğu yaradan səbəblər hansılardır?
Mövzu ilə bağlı “Sherg.az”a danışan psixoloq Zeynəb Əyyubova bildiribki, insanların gecə yata bilməməsinin bir neçə səbəbi ola bilər:
“Ən çox rast gəlinən səbəblər arasında stress, yuxu rejiminin pozulması, texnologiyadan çox istifadə kimi problemlər var. Stress gündəlik həyatda yığılan narahatlıq və gərginliklərdən qaynaqlanır və beyinin rahatlamasını çətinləşdirir. Bu da yatmağa mane ola bilər. Digər tərəfdən, texnologiya istifadəsi, xüsusilə də yatmazdan əvvəl telefon və ya ekran qarşısında çox vaxt keçirmək, beynin melatonin ifrazını azaldır. Bu hormon isə yuxu rejimini tənzimləyir. Əgər yuxusuzluq müvəqqəti bir dövrdə baş verirsə, bu, böyük ehtimalla stress və ya gündəlik dəyişikliklərlə bağlıdır. Ancaq uzunmüddətli yuxusuzluq artıq yuxu pozuntusu əlaməti ola bilər və mütəxəssis yardımı tələb edir. Bunu həll etmək üçün insanların gündəlik rejimini sabit saxlamağa çalışması, yatmazdan əvvəl texnologiya istifadəsini məhdudlaşdırması və mümkün qədər rahatlama texnikalarından istifadə etməsi tövsiyə olunur. Əgər yuxu problemləri davam edərsə, bu, psixoloq və ya həkimlə məsləhətləşməyə ehtiyac olduğunu göstərə bilər”.