2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində – apteklərdə 1 milyard 80 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Bu, 2025-ci ilin yanvar-iyul aylarına nisbətən 23,8% artım deməkdir. Qeyd edək ki, bu, Dövlət Statistika Komitəsinin rəsmi məlumatıdır.
İqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, əczaçılıq və tibbi ləvazimatlara sərf olunan pulun artması dərman preparatlarının qiymətinin artması ilə bağlıdır:
- Nə baş verir, insanlar daha çox xəstələnir? Ola bilər, amma bu barədə məlumat yoxdur. Deməli, dərmanların qiyməti kəskin artıb, bahalaşmaya görə vətəndaşın da dərman xərcləri son 1 ildə 24%-ə yaxın artıb. Elə həmin rəsmi məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 2 milyard 327 milyon manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 4,9% çoxdur. Bunun izahı bəllidir ki, ilin əvvəlindən benzin 5 qəpik, dizel yanacağı 10 qəpik bahalaşıb, əsas səbəb budur. Yəni, bu məsələdə də əsas faktor qiymət artımıdır. Ümumən, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,1 milyard manatlıq məhsul satılmışdır – əhali ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 19,3 milyard manat xərcləyib. 2026-cı ilin yanvar-iyul aylarında isə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358,5 milyon manatlıq, o cümlədən 20 milyard 843,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatlarına xərcləyib. Ümumiyyətlə, istənilən ölkədə vətəndaşların ay ərzində xərclədiyi vəsaitin 50%-i civarında ərzaq məhsullarına gedirsə, həmin ölkə vətəndaşları kasıb sayılır. Son 1 ildə ərzaq, içki, tütün məhsullarına eyni dövr üçün xərclər 1 mlrd. 540 mln. manat artıbsa, bu da inflyasiya, qiymət artımının göstəricisidir. Ölkədə insanların real gəlirləri artmır, ÜDM artım tempi aşağıdır, əlavə dəyər yaratmaq kimi problemimiz var, iqtisadi aktivlik zəifdir, amma qiymət artımı nəzərəçarpacaq dərəcədə davam edir.