COVID-19-la bağlı təxminən 15 min xəstə üzərində aparılan araşdırma nəticəsində xəstəlikdən ölümlərin əsas səbəblərini əks etdirən "ölüm xəritəsi" hazırlanıb.
Sherg.az xəbər verir ki, bu barədə türkiyəli pulmonoloq, professor Şevket Özkaya məlumat verib. Onun sözlərinə görə, araşdırmanın məqsədi COVID-19-un niyə digər tənəffüs yolu viruslarından daha ağır nəticələrə səbəb olduğunu müəyyənləşdirmək və gələcək mümkün pandemiyalara hazırlıq görməkdir.
Professor bildirib ki, COVID-19 virusu digər respirator viruslardan fərqli olaraq yalnız infeksiya yaratmır. Virus hüceyrəyə daxil olduqdan sonra yaranan sitokin fırtınası ağciyərlərdə güclü iltihabi zədələnməyə səbəb olur və orqanı mexaniki şəkildə sıradan çıxarır. Bu səbəbdən adi infeksiya müalicəsi bir çox hallarda effektiv olmayıb.
Onun sözlərinə görə, bəzi xəstələrdə ağciyər toxumasında cırılmalar baş verib, digərlərində isə ağciyər kapilyarlarının zədələnməsi nəticəsində verilən oksigen qana keçməyib. Vaxtında tətbiq edilən iltihabəleyhinə müalicə isə bir çox xəstənin həyatını xilas edib.
Şevket Özkaya əldə olunan nəticələrin gələcəkdə baş verə biləcək oxşar virus epidemiyalarına qarşı mübarizədə mühüm əhəmiyyət daşıdığını vurğulayıb.