Dələduzların insanları emosiyalar vasitəsilə manipulyasiya edərək tənqidi düşünmək qabiliyyətini zəiflətməsi ilə bağlı açıqlama verilib.
Sherg.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Piroqov Universitetinin professoru, psixologiya elmləri doktoru Vera Nikişina bildirib.
Onun sözlərinə görə, dələduzlar qurbanı qısa zaman çərçivəsinə salır, güclü emosional gərginlik yaradır və düşünülmüş qərar qəbul etməyə imkan vermirlər. Bunun üçün hədə-qorxu, gözlənilməz təhlükə və ya qazanc vədi kimi üsullardan istifadə olunur.
Psixoloq qeyd edib ki, dələduzlar həmçinin qurbanı digər insanlarla danışmaqdan çəkindirməyə çalışırlar. Sürətli danışıq, mövzunun tez-tez dəyişdirilməsi və emosional təzyiq insanın diqqətini ələ keçirərək onu düşünməkdən yayındırır.
Nikişina belə vəziyyətdə ən effektiv müdafiə üsulunun ünsiyyəti dərhal dayandırmaq olduğunu vurğulayıb. Telefon danışığı zamanı sadəcə zəngi sonlandırmaq, real vəziyyətdə isə fiziki məsafəni artırmaq tövsiyə olunur.
Moskva Daxili İşlər Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Vladimir Vasenin isə xəbərdarlıq edib ki, telefonda “pulu təhlükəsiz hesaba köçürün” ifadəsi eşidilərsə, danışığı dərhal dayandırmaq lazımdır. Onun sözlərinə görə, dələduzların bəhs etdiyi “təhlükəsiz hesab” anlayışı mövcud deyil.