Rusiyalı professor Olqa Tkaçevanın sözlərinə görə, ölkədə 65 yaşdan yuxarı insanların təxminən 60 faizində koqnitiv pozuntular müşahidə olunur.
Sherg.az xəbər verir ki, mütəxəssislər əhalinin ömrünün uzanması ilə yaddaş, diqqət, düşüncə və nitq pozuntularının da artdığına diqqət çəkirlər. Bu vəziyyəti “koqnitiv sunami” adlandıran Tkaçevanın sözlərinə görə, 2050-ci ilədək dünyada demensiya ilə yaşayan insanların sayı 157 milyona çatacaq. Bu, hazırkı göstəricidən təxminən üç dəfə çoxdur.
Moskvada aparılan “Zabota” araşdırmasına əsasən, 65 yaşdan yuxarı müayinə olunan şəxslərin 46,5 faizində orta dərəcəli, 30 faizində isə yüngül koqnitiv pozuntular aşkarlanıb. Digər genişmiqyaslı “Evkalipt” araşdırması da Rusiyanın 11 regionunda 65 yaşdan yuxarı insanların 60 faizində müxtəlif koqnitiv problemlərin olduğunu göstərib.
Erkən diaqnostika vacibdir
Mütəxəssislərin fikrincə, əsas problemlərdən biri xəstəliyin gec aşkarlanmasıdır. Rusiyada demensiyaya qarşı xüsusi müalicəyə ehtiyacı olan insanların yalnız təxminən 10 faizi müvafiq müalicə alır. Yeni preparatların xəstəliyin gedişinə təsir göstərə bildiyi, lakin onların əsasən erkən mərhələlərdə effektiv olduğu bildirilir.
Tədqiqatlara əsasən, risk amillərinin aradan qaldırılması koqnitiv pozuntuların yaranma ehtimalını 45 faizə qədər azalda bilər. Bunun üçün qan təzyiqi, şəkər və xolesterin səviyyəsinə nəzarət, sağlam həyat tərzi və mütəmadi tibbi müayinələr tövsiyə olunur.
Ekspertlər həmçinin yaşlı insanlarda yaddaş zəifliyini yalnız qocalıqla əlaqələndirməməyi, ilkin əlamətlər müşahidə olunduqda həkimə müraciət etməyi və koqnitiv problemlərlə bağlı sosial damğalanmanın qarşısını almağı vacib sayırlar.