Günəş yanığı yoxdursa, qaralma təhlükəsizdirmi? - Mütəxəssislərdən xəbərdarlıq

Yay aylarında günəş yanığı olmaması qaralmanın təhlükəsiz olduğu anlamına gəlmir.

Sherg.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, UVA şüaları paltar, çimərlik çətiri və hətta buludlardan keçərək dərinin dərin qatlarına nüfuz edə, hüceyrələrin DNT-sini zədələyə və uzunmüddətli perspektivdə dəri xərçəngi riskini artıra bilər.

Həkimlər həmçinin bildirirlər ki, günəş şüaları sızanaqları yalnız müvəqqəti azaldır, sonradan isə dəri problemləri daha da kəskinləşə bilər. Günəş yanığı zamanı isə xama çəkmək tövsiyə olunmur. Bunun əvəzinə zədələnmiş nahiyə sərin su ilə soyudulmalı və pantenol tərkibli vasitələrdən istifadə edilməlidir.

Mütəxəssislər yay aylarında, hətta buludlu havada belə, ən azı SPF 30-50 günəşdən qoruyucu kremdən istifadə etməyi, xüsusilə açıq dərili və çoxsaylı xalları olan şəxslərin günəş altında ehtiyatlı davranmasını tövsiyə edirlər.