"Mənə elə gəlir ki, səhiyyə naziri Teymur Musayev təyinat məsələsində yumşaq davranır. Nə olur-olsun təyinatı alan həkim təyinat yerinə getməlidir. Əks təqdirdə onlara diplom verilməli deyil".
Bunu Milli Məclisin dünənki iclasında “Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib.
O qeyd edib ki, Tibb Universitetində yaxşı dərs keçirilir:
"Çünki bizim həkimləri Şərqi, Qərbi Avropa, Türkiyə və başqaları məmnuniyyətlə qəbul edir. Demək ki, hazırlıqlıdırlar. Ay oğul, məni qoyub hara gedirsən? Mənim borcumu ödəməmiş hara gedirsən? Belə təbliğ olunsun, birbaşa rəsmi şəkildə deyilsin ki, vətən sənə halallıq vermir. Bundan başqa, 1980-ci ildə İmişlinin Aranalı kəndində xəstəxana tikilib, 45 ildir ki, ağzıgünə qalıb. Bu xəstəxananı niyə tikdilər, niyə istifadə olunmadı? Teymur müəllim, bu məsələ ilə maraqlanın".
Deputat Səyyad Salahlı dərmanın içlik vərəqinin və oradakı yazılanların çox olmasına etirazını bildirib: "Seçiciləri ona dərmanların içlik vərəqini verirlər, uzun olduğunu deyirlər. Qəzet çıxarırsınız? Bu qədər izahat olar? Biz hamımız bilirik ki, aptekdən dərman alanda əczaçıya deyirik ki, onun üstünə yaz bunu neçə dəfə qəbul edəcəm. Dərmanla bağlı görün nələr yazılır, bunu o xəstə oxuyandır? Bunun əsəbləri onsuz da korlanıb, çoxu da yaşlı adamlardır".
Spiker Sahibə Qafarova deputatın fikirlərinə cavab olaraq bildirib: "Səyyad müəllim, az yazılsa, deyəcəksiniz ki, niyə o söz yazılmayıb. Dünyada qəbul edilmiş praktika var ki, dərman vasitəsilə bağlı mütləq qutunun içində izahat olur. Başqa cür də ola bilməz".
Səyyad Salahlı isə qeyd edib ki, fikirləri özü deyil, camaat bildirir: "Bunları mənə camaat deyir. Bu, mütəxəssislər, həkimlər üçündür ki, istiqamət götürüb xəstəyə yol göstərsinlər. Bunlar xəstəyə lazım deyil, heç kim oxumur. Camaat bunu oxuyanda başa düşməlidir, xalq dilində olmalıdır. Əgər sən bunu dərman qutusunun içinə qoyub xəstəyə satırsansa, onun başa düşə biləcəyi dildə yazmalısan".
Spiker vurğulayıb ki, həkimlər hər bir dərman vasitəsilə bağlı xəstəni məlumatlandırır: "Deyirsiniz ki, gərək xalqın dilində olsun. Həkim xəstəyə başa salır ki, dərmanı bir dəfə və ya iki dəfə iç".