Maqnit qasırğaları sağlam insanlar üçün birbaşa təhlükə yaratmasa da, hipertoniyadan və ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərin özünü pis hiss etməsinə səbəb ola bilər.
Sherg.az xəbər verir ki, bu barədə terapevt və kardioloq Andrey Kondraxin "Aif.ru" saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, geomaqnit pozuntuları insanın orqan və toxumalarına birbaşa təsir göstərə bilmir. Həkim buna nümunə olaraq MRT (maqnit-rezonans tomoqrafiyası) müayinəsini göstərib. O qeyd edib ki, MRT zamanı istifadə olunan maqnit sahələri geomaqnit dəyişikliklərindən qat-qat güclü olsa da, orqanizmə zərər vermir.
Mütəxəssis bildirib ki, belə dövrlərdə müşahidə olunan yorğunluq, yuxululuq və iş qabiliyyətinin azalması beynin ətraf mühitdəki dəyişikliklərə reaksiyası ilə bağlıdır. Orqanizm bu dəyişiklikləri stress kimi qəbul edir və enerjiyə qənaət rejiminə keçir.
“Hipertoniya xəstəliyindən əziyyət çəkən insanlarda orqanizmin dəyişikliklərə reaksiyası stress xarakteri daşıyır. Buna görə də onların arterial təzyiqi yüksəlir. Eyni hal ürək-damar xəstəlikləri olan şəxslərdə də müşahidə olunur: orqanizm özünü narahat şəraitdə hiss edir, bunu stress kimi qəbul edir və nəticədə ürək və qan damarları buna reaksiya verir”, – deyə Kondraxin vurğulayıb.
Həkimin sözlərinə görə, bu cür reaksiyalar adətən ciddi təhlükə yaratmır. Lakin xroniki xəstəlikləri olan insanlarda nəzərəçarpacaq narahatlıq və diskomfort yarada bilər.