“Həkimin tərəzisində insan həyatı dayanır” - Paşa Qəlbinurdan VİCDAN ÇAĞIRIŞI

  • “Vicdan heç bir məktəbin verə bilmədiyi mənəvi pasportdur”

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb. Prezident İlham Əliyev isə təşəbbüsü müsbət qarşılayaraq, onun icrası ilə bağlı müvafiq tapşırıqlar verib.

İslahat 72 min 212 tibb işçisini əhatə edəcək. Yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən etibarən qüvvəyə minib. TƏBİB-in icraçı direktoru Anar Bayramov bildirib ki, islahatın əsas məqsədlərindən biri həkimləri regionlarda işləməyə həvəsləndirmək və bölgələrdə tibb işçilərinə olan ehtiyacı qarşılamaqdır.

Oftalmoloq, şair-filosof Paşa Qəlbinur Sherg.az-a açıqlamasında tibb işçilərinin peşə məsuliyyətini poetik dillə ifadə edib: 

“Bütün peşələr çətin və məsuliyyətlidir. Lakin həkimlik tərəzisində duran yük başqadır. İnsanların həyatı və ümidləri həkimin peşə məsuliyyəti ilə yanaşı vicdanını da tərəzinin bir gözünə qoyur. Çünki həkim üçün hər bir xəstə həyata tutunmaq və dünyaya aydın baxmaq ümidi ilə uzadılmış bir əldir. O əlin taleyində bəzən bir ailənin sevinci, bir ananın duası və bir uşağın gələcəyi dayanır. Bilirsiniz, təhsil insana cərrahiyyə bıçağını necə tutmağı öyrədə bilər, lakin mərhəməti və saflığı formalaşdırmaq iqtidarında deyil. İnsanlıq heç bir akademik dərəcə ilə ölçülməyən, insanın yaradılışından gələn ilahi vicdan süzgəcidir”. 

Filosof onu da qeyd edib ki, diplom sadəcə ixtisasın sənədidir, vicdan isə heç bir məktəbin verə bilmədiyi yeganə mənəvi pasportdur:

“Tibb işçilərinin əməkhaqlarının artırılması, təbii ki, ürəyimdəndir. Çünki mən də səhiyyə ailəsinin bir üzvüyəm. Tibb işçilərinin maaşları ilə yanaşı, digər ixtisaslara sahib vətəndaşlarımızın da rifahının yaxşılaşdırılması məqsədilə əməkhaqları artırılsaydı çox gözəl olardı. İslahatda əməyi və göstərişi keçən hər kəsə xüsusilə də Mehriban xanıma minnətdarlığımı bildirirəm. Səhiyyə işçilərinin çəkdiyi zəhmət və daşıdıqları müqəddəs məsuliyyət hər zaman yüksək qiymətə layiqdir”.