Amerika Ürək Assosiasiyası (AHA) sağlam böyüklər üçün gündə 400 mq-a qədər kofeinin, yəni təxminən 3–5 fincan (240 ml) dəmlənmiş qəhvənin həm təhlükəsiz, həm də ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edə biləcəyini açıqlayıb.
Sherg.az xəbər verir ki, mütəxəssislər ən sağlam seçimin şəkər, şərbət, qaymaq və digər əlavələrsiz qara qəhvə olduğunu bildiriblər. Araşdırmalara görə, belə qəhvənin müntəzəm və normada qəbulu 2-ci tip diabet, işemik ürək xəstəliyi, ürək çatışmazlığı və insult riskinin azalması ilə əlaqələndirilir.
Mütəxəssislər qeyd edirlər ki, qəhvənin faydası təkcə kofeinlə bağlı deyil. Tərkibindəki polifenollar, antioksidantlar və digər bioaktiv maddələr iltihabəleyhinə təsir göstərir və maddələr mübadiləsini dəstəkləyir.
Kardioloqlar qəhvənin kağız filtrdən keçirilərək hazırlanmasını daha məqsədəuyğun hesab edirlər. Bu üsul "pis" xolesterinin (LDL) səviyyəsini artıra bilən kafestol maddəsinin böyük hissəsini saxlayır.
Mütəxəssislər enerji içkiləri ilə bağlı da xəbərdarlıq ediblər. Onların tərkibində qəhvədən xeyli çox kofein və digər stimullaşdırıcı maddələr olduğundan ürək ritminin pozulması və arterial təzyiqin kəskin yüksəlməsi riskini artıra bilər.
Bununla yanaşı, kofeinin qanda ən yüksək səviyyəyə təxminən bir saat sonra çatdığı, buna görə də qəhvənin ardıcıl və həddindən artıq qəbul edilməsinin tövsiyə olunmadığı vurğulanıb.