Yeni bir yerdə yatmaqda çətinlik çəkirsinizsə, bu, yalnız sizə xas deyil. Araşdırmalar göstərir ki, beyin tanımadığı mühitdə yatarkən mümkün təhlükələrdən qorunmaq üçün daha ayıq vəziyyətdə qalır.
Sherg.az xəbər verir ki, ABŞ-ın Braun Universitetinin alimləri apardıqları araşdırmada bu vəziyyəti “ilk gecə effekti” adlandırıblar. Tədqiqat zamanı 35 sağlam könüllünün yuxusu iki fərqli gecədə müşahidə edilib. İştirakçıların ürək döyüntüsü, tənəffüsü, qanındakı oksigen səviyyəsi, göz və ayaq hərəkətləri, eləcə də beynin hər iki yarımkürəsinin fəaliyyəti ölçülüb.
Nəticələr göstərib ki, ilk gecə zamanı beynin sol yarımkürəsi daha yüksək ayıqlıq səviyyəsində olub və qeyri-adi səslərə daha həssas reaksiya verib. Bir həftə sonra iştirakçılar eyni laboratoriyaya qayıtdıqda isə beynin fəaliyyəti daha simmetrik olub. Bu, orqanizmin artıq tanış mühitə uyğunlaşdığını göstərib.
Alimlər bu mexanizmi bəzi heyvanlarda müşahidə olunan “bir yarımkürəli yavaş dalğa yuxusu”na (USWS) bənzədirlər. Delfinlər, cənub dəniz şirləri və bəzi quş növləri təhlükələrdən qorunmaq üçün beynin bir yarımkürəsini aktiv saxlayaraq yata bilirlər.
Tədqiqatın həmmüəllifi Yuka Sasakinin fikrincə, insan beynində də bu mexanizmin daha zəif forması mövcud ola bilər. Alimlər hesab edirlər ki, tez-tez səyahət edən və müxtəlif yerlərdə yatan insanlar zamanla yeni mühitə daha asan uyğunlaşa bilərlər.
Beləliklə, oteldə, başqa evdə və ya yeni mənzildə ilk gecə rahat yata bilməməyinizin səbəbi beyninizin həmin mühiti hələ tam təhlükəsiz hesab etməməsi ola bilər.