İsti havalarda burun qanaxması artır - Həkimdən həyati XƏBƏRDARLIQ

  • Həkim-terapevt Şahvələd Məmmədov hər kəsin bilməli olduğu qaydaları açıqladı

İsti havalarda burun qanaması hallarına tez-tez rast gəlinir. Xüsusən də azyaşlılarda və uşaqlarda belə hallar narahatlıq yaradır, valideynlər təşvişə düşürlər.

Həkim-terapevt Şahvələd Məmmədov “Sherg.az”a bildirib ki, burundan qan gəldikdə təşvişə düşməyə ehtiyac yoxdur. Bir neçə vacib qaydaya əməl etməklə qanaxmanın qarşısını almaq mümkündür:

İsti havalarda burundan qan gələ bilər. Çünki istinin təsirindən burundakı incə və səthi yerləşən qan damarlarında genişlənmə və quruluq yaranır. Nəticədə qanaxma baş verə bilər. Buna günəşin birbaşa təsiri, qan təzyiqinin artması və bədənin susuz qalması səbəb olur. İsti və quru hava burnun içindəki zərif təbəqəni – selikli qişanı qurudur. Quruyan damarlar elastikliyini itirir və asanlıqla çatlayaraq qanayır. Maye itkisi də qanaxmaya səbəb ola bilər. İsti havalarda tərləmə nəticəsində bədəndən çoxlu maye itirilir ki, bu da qan dövranına və təzyiqə təsir edərək qanaxma riskini artırır. Havanın yüksək temperaturu və günəş altında uzun müddət qalmaq qan təzyiqinin qəfil yüksəlməsinə səbəb ola bilər ki, bu da burun qanaxması riskini artırır. İlk növbədə burun boşluğunun nəmliyini qorumaq və bədənin həddindən artıq isinməsinin qarşısını almaq lazımdır. Bol maye qəbul etmək, gün ərzində mütəmadi olaraq su içmək bədənin susuzlaşmasının və selikli qişanın qurumasının qarşısını alır. Burun daxilini nəmləndirmək də faydalıdır. Bunu adi su və ya xüsusi spreylər vasitəsilə etmək olar. Günəşdən qorunmaq əsas şərtdir. Biz daim tövsiyə edirik ki, səhər saat 10:00-dan axşam saat 17:00-18:00-dək birbaşa günəş şüaları altında qalmayasınız. Kimsə məcburən evdən çıxırsa, işə gedirsə və ya başqa səbəbdən çöldə olursa, baş örtüyündən istifadə etməli, çətir götürməli və yanında mütləq içməli su saxlamalıdır. Mümkün qədər kölgəlik yerlərlə hərəkət etmək tövsiyə olunur.

Həkim qeyd edib ki, ümumiyyətlə, burunu bərk silmək, qurdalamaq və yersiz müdaxilələr etmək olmaz:

-Burundakı damarlar və kapilyarlar çox həssasdır. Güclü fınxırmaq onları zədələyə və qanaxmaya səbəb ola bilər. Hipertoniyadan əziyyət çəkən şəxslər qan təzyiqlərini daim nəzarətdə saxlamalıdırlar. Əgər burundan qan gəlirsə, istər uşaq, istərsə də böyüklər oturaq vəziyyətdə önə əyilməlidirlər. Heç bir halda başı arxaya əymək olmaz. Əks halda qan boğaza və nəfəs borusuna axa bilər. Burunun yumşaq qanadlarını yüngülcə sıxaraq 5-10 dəqiqə hərəkətsiz qalmaq məsləhətdir. Sərin yerə keçmək, burnun sümüklü hissəsinə və boynun arxa nahiyəsinə soyuq kompress qoymaq da faydalıdır. Əgər qanaxma azalmazsa və ya dayanmazsa, mütləq təcili tibbi yardım çağırılmalıdır.