Soyuducu məhsulların saxlanma müddətini uzatsa da, bəzi ərzaqlar üçün aşağı temperatur faydalı deyil.
Sherg.az xəbər verir ki, bu barədə ROSBİOTECH-in mütəxəssisi Anna Cabakova məlumat verib.
Onun sözlərinə görə, pomidor soyuducuda saxlanıldıqda dad və ətrinə cavabdeh olan maddələr parçalanır, meyvənin iç hissəsi isə yumşalır. Bundan əlavə, yetişməmiş pomidorların soyuducuya qoyulması onların yetişmə prosesini demək olar ki, dayandırır.
Mütəxəssis çörəyin də soyuducuda saxlanılmasını tövsiyə etmir. Çünki aşağı temperatur onun daha tez bərkiməsinə səbəb olur. Çörəyi otaq temperaturunda çörək qabında saxlamaq, uzunmüddətli saxlama üçün isə dondurmaq daha məqsədəuyğundur.
Mütəxəssislər həmçinin banan və digər tropik meyvələrin də soyuducuda tez qaraldığını və keyfiyyətini itirdiyini bildirirlər. Buna görə bu məhsulların otaq temperaturunda saxlanılması məsləhət görülür.