Orqanizmdə qocalma prosesi 30 yaşdan sonra ilk olaraq harada başlayır? - Alimlər müəyyənləşdirib

Orqanizmdə aktiv qocalma prosesinin artıq 30 yaşdan etibarən başlaya biləcəyi müəyyən edilib. Beynəlxalq alimlər qrupu süni intellektdən istifadə etməklə 25 mindən çox tibbi mikroskopik görüntünü təhlil edib.

Sherg.az xəbər verir ki, araşdırmaya görə, müxtəlif orqan və sistemlər fərqli sürətlə qocalır. Ən erkən qocalan sistem isə qan damarlarıdır. Mütəxəssislər bildirirlər ki, 30 yaşdan sonra damar divarlarında mikro səviyyədə dəyişikliklər sürətlənə, 40 yaşa yaxın isə bu proses daha nəzərəçarpan hala gələ bilər.

Dietoloq Tatyana Solntsevanın sözlərinə görə, damarların sağlamlığını qorumaq üçün rasionda antioksidant və polifenolla zəngin məhsullara üstünlük vermək vacibdir. Bu sırada mərcanı, moruq, böyürtkən, üzüm, qırmızı soğan, pomidor və göyərti qeyd olunur.

Mütəxəssis həmçinin kefir, qatıq, pendir və turşuya qoyulmuş kələm kimi fermentləşdirilmiş məhsulların istifadəsini tövsiyə edir. Damar sağlamlığının qorunması üçün qan təzyiqinə və xolesterinə nəzarət etmək, müntəzəm fiziki aktivlik və kifayət qədər yuxu da mühüm amillər hesab olunur.

Dietoloqun tövsiyəsinə əsasən, gündə 400–500 qram tərəvəz, giləmeyvə və meyvə qəbul etmək faydalıdır.