
Pulmonoloq: Tənəffüs yolu xəstəlikləri artıb
Bronxial astma və xroniki bronxit uşaqlar arasında daha erkən yaşda baş verir
Qrip peyvəndləri qrip xəstəliyinə yoluxmanın qarşısını alan ən effektiv vasitədir
Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, 2020-ci ildə “ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı” 1 800 853 nəfər idisə, 2024-cü ildə bu rəqəm 2 870 154 nəfərə çatıb. Tehlil.az-ın məlumatında bildirilib ki, son 5 ildə bu faiz göstəricisi üzrə ən çox artım 2021-ci ilə (23,2 faiz) təsadüf edib.
Ümumilikdə artım tendensiyası son 5 ildə hər il davam edib.
2024-cü ildə ölkədə qoyulan xəstəlik diaqnozları arasında “tənəffüs orqanlarının xəstəlikləri” (37,3 faiz) xüsusi üstünlük təşkil edib. Bu göstərici, digər əsas xəstəlik qruplarından, yəni “həzm sistemi xəstəlikləri” (8,4 faiz) və “qan dövranı sistemi xəstəlikləri”ndən (8,1 faiz) dəfələrlə yüksək olub. Hər üç xəstəlik qrupu birlikdə ümumi diaqnozların təxminən 53,8 faizini təşkil etsə də, tənəffüs yolu xəstəliklərinin üstünlüyü, bu sahədə profilaktik tədbirlərin daha çox gücləndirilməsini zəruri edir.
2024-cü ildə sayında ən çox artım müşahidə olunan xəstəlik (1 070 918 nəfər) tənəffüs orqanlarının xəstəlikləridir. 5 il öncə ilə müqayisədə ən az artım isə endokrin sistem, dəri və qulaqla bağlı xəstəliklərdə qeydə alınıb.
Bu tendensiyalar son illərdə tənəffüs sistemi ilə bağlı problemlərin daha da aktuallaşdığını və səhiyyədə bu sahəyə xüsusi diqqət ayrılmasının vacibliyini göstərir.
Mütəxəssislərin fikrincə, tənəffüs yolu infeksiyalarından qorunmaq üçün əlləri mütəmadi sabunla yumaq çox vacibdir. Qeyd edilib ki, sabunla əl yumaq respirator xəstəliklərin təxminən 20 faizinin qarşısını ala bilir. Eyni zamanda otaqları tez-tez havalandırmaq, pəncərələri açmaq otaqdakı virus hissəciklərinin miqdarını azaldır. Gündəlik idman və hərəkətlilik ürək-damar və ağciyərlərimizi gücləndirir. Məsələn, gəzinti, qaçış, velosiped və digər məşqlər ürək və ağciyərlərin işini yaxşılaşdıraraq nəfəsalma funksiyasını gücləndirir.
Pulmonoloq Firuz Məmmədov Sherg.az-a açıqlamasında bildirib ki, son illərdə tənəffüs sistemi ilə bağlı xəstəliklərin artması artıq bütün dünyada, o cümlədən Azərbaycanda ciddi narahatlıq doğuran bir tendensiyadır. Artımın səbəblərinin çoxşaxəli olduğunu vurğulayan pulmonoloq qeyd edib ki, atmosferin çirklənməsi, sənaye tullantıları, avtomobil qazlarının çoxalması, iqlim dəyişiklikləri, həmçinin insanların həyat tərzindəki dəyişikliklər, az hərəkətlilik, düzgün qidalanmama, siqaret və digər zərərli vərdişlər tənəffüs orqanlarının müqavimətini xeyli azaldır:

“Bundan əlavə, COVID-19 pandemiyasından sonra bir çox insanda ağciyər toxumasında qalıcı dəyişikliklər müşahidə olunur, bu da tənəffüs sistemi xəstəliklərinin uzunmüddətli təsirini artırır. Uşaqlarda və yaşlılarda bronxit, astma və allergik tənəffüs problemlərinin daha erkən yaşda meydana çıxması da son illərin reallığıdır. Bu istiqamətdə əhalinin maarifləndirilməsi, düzgün nəfəs gigiyenası, siqaretdən uzaq durmaq, havalandırma və maskalardan düzgün istifadə kimi davranışların təşviqi mühüm rol oynayır. Digər tərəfdən, səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, ağciyər xəstəliklərinin erkən diaqnostikası üçün müasir avadanlıqların və skrininq proqramlarının tətbiqi zəruridir.
Tənəffüs sağlamlığı yalnız fərdi məsələ deyil, həm də ictimai sağlamlıq göstəricisidir”.
Pulmonoloq onu da deyib ki, tənəffüs yollarının xəstəlikləri geniş yayılmış sağlamlıq problemlərindəndir və insanların həyat keyfiyyətinə, böyümə və inkişafına mənfi təsir göstərir:
“Bu kateqoriyaya ən çox rast gəlinən xəstəliklər arasında bronxial astma, xroniki bronxit, allergik rinit və kistik fibroz yer alır. Bu xəstəliklər adətən uzunmüddətli öskürək, təngnəfəslik, nəfəs alarkən fit səslərinin eşidilməsi və tez-tez təkrarlanan tənəffüs yolu infeksiyaları ilə müşayiət olunur.
Bronxial astma uşaqlarda ən geniş yayılmış xroniki tənəffüs xəstəliyidir və çox vaxt allergik fonla əlaqədar inkişaf edir. Xəstəliyin alovlanmaları fiziki fəaliyyət, soyuq hava və ya allergenlərlə təmas nəticəsində yarana bilər. Erkən diaqnoz və düzgün müalicə uşağın sağlam böyüməsi və normal həyat tərzi sürməsi üçün çox vacibdir. Bu xəstəliklərin idarə olunması üçün valideynlərin məlumatlılığı, mütəmadi tibbi nəzarət və ətraf mühitin gigiyenik şəraitdə saxlanması önəmlidir. Eyni zamanda, düzgün qidalanma və immun sisteminin gücləndirilməsi də mühüm rol oynayır. Onu da deyim ki, tənəffüs orqanlarının xəstəliklərində adətən, təngnəfəslik, quru və bəlğəmli öskürək, qanhayxırma, döş qəfəsində ağrılar, bədən temperaturunun qalxması, titrətmə, çox tərləmə və s. əlamətlər müşahidə edilir”.
Həkim qeyd edib ki, tənəffüs orqanı xəstəliklərinə yoluxmasının bir səbəbi də tütün istifadəsidir:
“Tütün istifadəsi tənəffüs xəstəlikləri üçün əsas risk faktorudur, passiv siqaret dumanı da ziyanlıdır.
Yoluxucu xəstəliklərdən qorunmaq üçün peyvəndlərə də müraciət edilməlidir. Ən effektiv qorunma üsullarından biri peyvəndlənmədir. Məsələn, mövsümi qripə qarşı hər il peyvənd olunmaq tövsiyə olunur. Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, qrip peyvəndləri qrip xəstəliyinə yoluxmanın qarşısını alan ən effektiv vasitədir. Hər yaşdan insanlar (6 ay və yuxarı) qrip mövsümündə peyvənd olunmalıdırlar”.