Qadın xərçəngləri hər zaman açıq simptomlarla özünü göstərmir və bəzi hallarda səssiz şəkildə inkişaf edə bilir.
Sherg.az xəbər verir ki, Qadın Xəstəlikləri və Doğuş üzrə mütəxəssis dosent Murat Yassa bildirib ki, bəzi əlamətlərin adət olunandan fərqli olması, təkrarlanması, getdikcə artması və ya iki həftədən uzun davam etməsi mütləq diqqətə alınmalıdır.
Onun sözlərinə görə, xüsusilə uşaqlıq, uşaqlıq boynu və yumurtalıq xərçənglərində meydana çıxan dəyişikliklər hər zaman xərçəng anlamına gəlmir. Lakin uzun müddət davam edən və səbəbi bilinməyən simptomlar araşdırılmalıdır.
Mütəxəssis qadın xərçənglərində diqqət edilməli 5 erkən xəbərdarlıq əlamətini açıqlayıb:
1. Menopozdan sonra və ya aybaşı xaricində qanaxma
Menopozdan sonra baş verən istənilən qanaxma, miqdarından asılı olmayaraq, həkim müayinəsi tələb edir. Menopozdan əvvəl isə aybaşılar arasında qanaxma, qeyri-adi dərəcədə uzun və ya güclü qanaxmalar da diqqətdən kənarda qalmamalıdır.
2. Keçməyən şişkinlik və tez doyma
Davamlı qarın şişkinliyi, az qida qəbul etdikdə tez doyma, qarında dolğunluq hissi və paltarların bel nahiyəsində daralması yumurtalıq xərçəngində müşahidə oluna bilər. Bu şikayətlər yeni başlayıbsa və bir neçə həftə davam edirsə, ginekoloji müayinə vacibdir.
3. Cinsi əlaqədən sonra qanaxma və qeyri-adi ifrazat
Cinsi əlaqədən sonra qanaxma, qanlı və ya pis qoxulu ifrazat uşaqlıq boynu xərçənginin erkən əlamətləri arasında göstərilir. Türkiyədə 30-65 yaş arası qadınlara hər beş ildən bir HPV testi dövlətin skrininq proqramı çərçivəsində ödənişsiz təqdim olunur.
4. Davamlı qasıq ağrısı, tez-tez sidiyə getmə və bağırsaq vərdişlərinin dəyişməsi
Qasıq və ya qarının aşağı hissəsində keçməyən ağrı, yeni başlayan tez-tez sidiyə getmə ehtiyacı, səbəbi bilinməyən qəbizlik uşaqlıq və yumurtalıq xərçənglərində müşahidə edilə bilər. Xüsusilə bu əlamətlər getdikcə artırsa və bir neçəsi eyni vaxtda ortaya çıxırsa, müayinə olunmaq lazımdır.
5. Xarici cinsiyyət nahiyəsində keçməyən qaşınma, yara və ya rəng dəyişikliyi
Vulva xərçəngi daha nadir rast gəlinir. Lakin uzun müddət davam edən qaşınma, sağalmayan yaralar, dərinin qalınlaşması və ya rənginin dəyişməsi, yeni yaranan qabarmalar mütləq müayinə edilməlidir.
Murat Yassa bildirib ki, uşaqlıq və yumurtalıq xərçənglərində erkən diaqnoz müalicənin nəticəsinə ciddi təsir göstərir. O, xüsusilə simptomların iki həftədən artıq davam etdiyi, təkrarladığı və ya getdikcə şiddətləndiyi hallarda vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edib.