Son statistikaya görə, qeysəriyyə əməliyyatlarının sayında azalma müşahidə olunur.
Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. TƏBİB-in tabeleyindəki tibb müəssisələrində normal doğuşların sayının 27 min 679 olduğunu vurğulayan V.Qurbanov qeyd edib ki, bu da 2024-cü il ilə müqayisədə 11 faiz artım göstərir.
Qeysəriyyə əməliyyatlarının sayı isə 26 min 285 olub və 2024-cü il ilə müqayisədə 9 faiz azalıb. Ümumi qeysəriyyə əməliyyatlarının əmsalı 49 faiz təşkil edib. Vaxtından əvvəl doğuşların sayı 3 926 olub və bu da əvvəlki il ilə müqayisədə 6 faiz azalma deməkdir”.
Statistikanı dəyərləndirən cərrah, mama-ginekoloq Təranə Həsənova Sherg.az-a açıqlamasında bildirib ki, qeysəriyyə əməliyyatlarının sayında müşahidə olunan azalma ana və uşaq sağlamlığı baxımından olduqca müsbət və sevindirici tendensiyadır. Onun sözlərinə görə, bu dəyişiklik ilk növbədə tibbi yanaşmaların daha elmi əsaslara söykənməsi, normal doğuşun üstünlüklərinin həm həkimlər, həm də gələcək analar arasında daha düzgün izah olunması ilə bağlıdır: “Fikrimcə, bu tendensiya səhiyyə sistemində inzibati və təşkilati nəzarətin artırılması, əməliyyatlara məcburi məhdudiyyətlərin qoyulması kimi mexanizmlərlə deyil, tibbi elmin və praktik təcrübənin daha elmi və səmərəli tətbiqi sayəsində yaranıb. Həkimlər daha çox pasiyentlərin fizioloji ehtiyaclarını nəzərə alaraq normal doğuşun üstünlüklərini izah edir, analar isə bu məlumatlar əsasında təbii doğuşu seçmək imkanı əldə edirlər. Bu yanaşma həm ana, həm də uşağın sağlamlığını qorumağa xidmət edən, elmi əsaslara söykənən bir dəyişiklikdir və qeysəriyyə əməliyyatlarının yalnız tibbi göstərişlərə uyğun şəkildə aparılmasını təmin edir.
Bu statistikanı eşidəndə şəxsən çox sevindim. Normal doğuş – adından da göründüyü kimi, insan fiziologiyasına ən uyğun, təbii və orqanizmin öz mexanizmləri əsasında baş verən prosesdir. Bu doğuş növü zamanı ana orqanizmi doğuşa və doğuşdan sonrakı dövrə daha tez adaptasiya olunur, bərpa prosesi daha qısa çəkir, infeksiya, qanaxma və digər ağırlaşma riskləri minimuma enir. Eyni zamanda, körpə üçün də normal doğuşun mühüm üstünlükləri var: uşağın tənəffüs sistemi daha yaxşı formalaşır, immun sistemi daha aktiv olur və ana ilə erkən təmas psixoloji baxımdan müsbət təsir göstərir”.
Həkimin sözlərinə görə, qeysəriyyə əməliyyatı heç vaxt alternativ və ya rahat seçim kimi təqdim edilməməlidir. Bu, yalnız tibbi göstəriş olduqda, yəni ana və ya döl üçün real həyat təhlükəsi yarandıqda tətbiq edilən cərrahi müdaxilədir: ““Qorxu”, “ağrıdan çəkinmə”, “təbii doğuş istəməmək” kimi səbəblər qeysəriyyə üçün əsas ola bilməz. Doğuş üsulunun seçimi pasiyentin subyektiv istəyinə deyil, yalnız həkimin klinik protokollara, tibbi göstəricilərə və risk dəyərləndirməsinə əsaslanan qərarına bağlı olmalıdır. Son illər qeysəriyyə əməliyyatına marağın həddindən artıq artması narahatedici tendensiya idi. Bəzi qadınların hamiləliyin ilk günlərindən doğuş üsulunu müəyyənləşdirməsi, hətta əməliyyat gününü aylar öncədən planlaşdırması tibbi baxımdan düzgün yanaşma deyil. Çünki hamiləlik dinamik prosesdir və doğuşa yaxın dövrdə vəziyyətin necə inkişaf edəcəyini əvvəlcədən tam proqnozlaşdırmaq mümkün olmur.
Tibbi göstəriş olduğu halda qeysəriyyə əməliyyatı ağır bir proses deyil, lakin sağlam qadın üçün gələcək risklər yaradır. Narkozun təsiri, əməliyyatdan sonrakı bərpa dövrünün uzunluğu, infeksiya ehtimalı, sonrakı hamiləliklərdə fəsadların artması bu risklər sırasındadır. Əgər tibbi göstəriş yoxdursa, sağlam bir qadının cərrahi əməliyyata məruz qalması nə ana, nə də körpə üçün əsaslandırıla bilər”.
Təranə Həsənova ümid edir ki, bu müsbət statistika gələcək illərdə də davam edəcək və cəmiyyətdə normal doğuşun təbii, təhlükəsiz və sağlam seçim olduğu anlayışı daha da möhkəmlənəcək. Onun sözlərinə görə, məqsəd qeysəriyyəni tam inkar etmək deyil, onu yalnız zəruri hallarda tətbiq etmək və ana ilə uşağın sağlamlığını hər şeydən üstün tutmaqdır.