Qramı qızıl qiymətinə: Kleopatranın gözəllik sirri sayılan zəfəran niyə bu qədər bahadır?

Dünyanın ən bahalı ədviyyatı hesab olunan zəfəran həm müalicəvi xüsusiyyətləri, həm də yüksək qiyməti ilə diqqət çəkir. Onun bahalığının əsas səbəbi isə son dərəcə zəhmətli becərilmə və yığım prosesidir.

Sherg.az xəbər verir ki, bir kiloqram zəfəran əldə etmək üçün təxminən 150-170 min çiçəyin əl ilə toplanması tələb olunur. Hər çiçəyin mərkəzində cəmi üç qırmızı dişicik olur və onlar xüsusi həssaslıqla bir-bir yığılır. Bu prosesi müasir kənd təsərrüfatı texnikası ilə həyata keçirmək mümkün deyil.

Zəfəran yalnız payız mövsümündə, təxminən iki həftə ərzində çiçəkləyir. Məhsul günəş doğmamış yığılmalıdır. Çünki günəş şüaları bitkinin özünəməxsus ətrinə və kimyəvi tərkibinə mənfi təsir göstərir.

Qurudulma prosesindən sonra zəfəran çəkisinin təxminən 80 faizini itirir. Bir işçinin gün ərzində orta hesabla cəmi 40 qram təzə zəfəran toplaya bilməsi onun istehsal xərclərini daha da artırır.

Tarix boyu zəfərandan yalnız ədviyyat kimi deyil, həm də kosmetika və təbabətdə istifadə edilib. Mənbələrə görə, Kleopatra dəriyə qulluq məqsədilə onu vanna suyuna əlavə edir, Makedoniyalı İsgəndər isə döyüş yaralarının sağaldılmasında zəfərandan faydalanırdı.

Bu gün də zəfəran dünyanın ən məşhur restoranlarında yeməklərə xüsusi rəng və ətir verən, qramla satılan ən qiymətli ədviyyatlardan biri hesab olunur.