- “Maaş artımı xidmətin keyfiyyətini də yüksəldəcək”
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb. Prezident İlham Əliyev isə təşəbbüsü müsbət qarşılayaraq, onun icrası ilə bağlı müvafiq tapşırıqlar verib.
Əməkhaqqı islahatı 72 min 212 tibb işçisini əhatə edəcək. Onlardan 36 min 41-i orta, 20 min 367-si kiçik tibb heyəti, 8 min 675-i ambulator tibbi xidmət göstərən həkimlər, 7 min 129-u isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, habelə regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir. Yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən etibarən qüvvəyə minib. TƏBİB-in icraçı direktoru Anar Bayramov bildirib ki, islahatın əsas məqsədlərindən biri həkimləri regionlarda işləməyə həvəsləndirmək və bölgələrdə tibb işçilərinə olan ehtiyacı qarşılamaqdır.
Mövzu ilə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zara İbrahimzadə Sherg.az-a bildirib ki, keçirilən islahat səhiyyə işçilərinin əməyinə və sosial rifahına dövlət səviyyəsində verilən önəmin daha bir ifadəsidir:
“Burada söhbət yalnız əməkhaqqı rəqəmlərinin dəyişməsindən getmir. Yeni yanaşma həkimlərin və tibb işçilərinin əməyinin layiqli qiymətləndirilməsini, sosial rifahının yaxşılaşdırılmasını, regionlarda kadr təminatının gücləndirilməsini və nəticəyönümlü səhiyyə sisteminin formalaşdırılmasını hədəfləyir. Əməkhaqqının artırılması məqsədilə fonda əlavə olaraq 189 milyon manat vəsait cəlb edilib. Qəbul edilən qərarın əsas məqsədlərindən biri tibb işçilərinin əməyinə verilən dəyəri artırmaqla yanaşı, göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltmək və pasiyent məmnuniyyətini təmin etməkdir. Yeni artımlara əsasən, ailə və sahə həkimlərinin aylıq əməkhaqqı 1 150 manatdan 2 000 manatadək, Təcili Tibbi Yardım şöbələrində çalışan həkimlərin maaşı 1 550 manatdan 2 500 manatadək, 3A və 3B kateqoriyalı tibb müəssisələrində çalışan həkimlərin əməkhaqqı isə 2 100 manatdan 3 000 manatadək artırılıb. Anestezioloq-reanimatoloqların maaşı 1 450 manatdan 3 000 manatadək yüksəldilib. Orta tibb heyətinin əməkhaqqı 17 faiz, kiçik tibb işçilərinin maaşı 18 faiz artırılıb. Təcili Tibbi Yardım Mərkəzində həkimlərin maaşı 42 faiz, stansiya müdirlərinin 54 faiz, tibb bacılarının 10 faiz, feldşerlərin isə 64,5 faiz artırılıb”.
Z.İbrahimzadə onu da qeyd edib ki, artımların başlıca məqsədi keyfiyyətli tibbi xidmət üçün əlavə stimul yaratmaqdır:
“Çünki səhiyyənin keyfiyyəti, ilk növbədə, bu sahədə çalışan insanların peşəkarlığından, motivasiyasından və iş şəraitindən asılıdır. Eyni zamanda, bu qərar səhiyyə sisteminin gələcək inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Xüsusilə regionlarda çalışan tibb işçilərinin sosial təminatının gücləndirilməsi kadrların bölgələrdə saxlanılmasına və yeni mütəxəssislərin bu ərazilərə cəlb olunmasına müsbət təsir göstərəcək. Bəzən qeyri-tibb personalı arasında da əməkhaqqı artımının onlara şamil olunacağı ilə bağlı gözləntilər yaranır. Lakin qəbul edilən qərara əsasən, artımlar birbaşa tibb xidmətinin göstərilməsində iştirak edən əməkdaşları əhatə edir. İnzibati heyət isə bu artımın dairəsinə daxil deyil. Həkimlərin və digər tibb işçilərinin əməkhaqlarının artırılması, xüsusilə də regionlarda fəaliyyət göstərən mütəxəssislərin sosial rifahının yaxşılaşdırılması, əlbəttə ki, sevindirici və təqdirəlayiq addımdır. Öz adımdan hörmətli Mehriban xanım Əliyevaya və cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. TƏBİB sistemində çalışan bir şəxs olaraq, həmkarlarımın adından bu qərarın bizi sevindirdiyini qeyd etmək istəyirəm. Fürsətdən istifadə edərək, bütün həmkarlarımı təbrik edirəm. İnanıram ki, bu addım tibb işçilərinin əməyinə əlavə stimul verərək, vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinə müsbət təsir göstərəcək”.