Səhiyyədə islahatların nəticəsini vətəndaş görməlidir - Cərrah

  • Qeyri-rəsmi ödənişlərə və məsuliyyətsizliyə son qoyulmalıdır

TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ölkənin səhiyyə sistemində yeni idarəetmə mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. İcbari tibbi sığortaya keçid dövründə dövlət tibb müəssisələrinin idarə olunması və yeni maliyyələşmə mexanizminə uyğunlaşdırılması məqsədilə yaradılan TƏBİB-in fəaliyyəti bu mərhələdə fərqli modelə keçir. İndi əsas hədəf səhiyyə sistemində vahid strateji idarəetməni gücləndirmək, qurumlar arasında koordinasiyanı artırmaq, məsuliyyət və hesabatlılığı dəqiqləşdirməkdir.

Yeni idarəetmə modelinin qarşıya qoyduğu əsas vəzifələr sırasında tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bürokratik maneələrin azaldılması, rəqəmsal sistemlərin inteqrasiyası və tibb kadrlarının hazırlığının səhiyyənin real ehtiyaclarına uyğunlaşdırılması da yer alır. Bununla yanaşı, islahatların nəticəsi yalnız struktur dəyişiklikləri ilə deyil, vətəndaşların tibbi xidmətlərə əlçatanlığında, xəstəxanaların fəaliyyətində və göstərilən xidmətlərin keyfiyyətində baş verəcək real dəyişikliklərlə ölçüləcək. Bəs TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi səhiyyə sistemində hansı yeniliklərə yol açacaq və vahid idarəetmə modeli mövcud problemlərin həllinə necə təsir göstərəcək?

Sherg.az xəbər verir ki, üz -çənə cərrahı-implantoloq Tural Mirzəyev TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsini səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi və mövcud problemlərin həlli baxımından mühüm fürsət kimi dəyərləndirib. Onun sözlərinə görə, Anar Bayramovun səhiyyə naziri təyin olunması ilə cəmiyyətin gözləntiləri də artıb:

“İndi əsas məsələ struktur dəyişiklikləri ilə kifayətlənməmək, vətəndaşların və tibb işçilərinin gündəlik üzləşdiyi problemləri aradan qaldırmaqdır. İlk növbədə Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında səlahiyyət və məsuliyyət bölgüsü dəqiq müəyyənləşdirilməlidir. Vətəndaş hər hansı problemlə üzləşdikdə bir qurumdan digərinə yönləndirilməməli, müraciətinə görə hansı qurumun məsuliyyət daşıdığı aydın olmalıdır. İcbari tibbi sığortanın əhali üçün real əlçatanlığı təmin edilməli, Xidmətlər Zərfinə daxil olan müayinə və müalicələrin siyahısı, yönləndirmə qaydaları və gözləmə müddətləri barədə məlumatlar sadə və anlaşıqlı formada təqdim olunmalıdır. Sığorta hesabına qarşılanmalı olan xidmətlərə görə qeyri-rəsmi ödəniş tələb edilməsi halları da diqqətdə saxlanılmalıdır”.

O bildirib ki, əmək hüquqlarının qorunması da səhiyyə islahatlarının əsas istiqamətlərindən biri olmalıdır. İxtisarlarının qanunsuzluğu məhkəmə qərarı ilə təsdiqlənmiş həkim-stomatoloqların hüquqları bərpa edilməli, onların işə qaytarılması məsələsinə qanunvericiliyin tələblərinə uyğun yanaşılmalıdır:

“Regionlarda tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi də prioritet olmalıdır. Rayon xəstəxanalarında həkim, avadanlıq, laboratoriya imkanları və dərman təminatı ilə bağlı çatışmazlıqlar aradan qaldırılmalı, vətəndaşların adi müayinə və müalicə üçün Bakıya üz tutmaq məcburiyyətində qalmasının qarşısı alınmalıdır.

Ttibb işçilərinin əmək şəraitinin yaxşılaşdırılmasının, əməkhaqqı, iş yükü, növbətçilik və kadr bölgüsünün şəffaf meyarlarla tənzimlənməsinin vacibliyini də vurğulayıb. O hesab edir ki, işə qəbul və rəhbər vəzifələrə təyinat zamanı peşəkarlıq əsas götürülməli, tibb işçilərinin müraciətləri obyektiv şəkildə araşdırılmalıdır”.

Həkimin fikrincə, dövlət xəstəxanalarının fəaliyyəti yalnız göstərilən xidmətlərin sayı ilə deyil, pasiyentlərin əldə etdiyi nəticələr əsasında da qiymətləndirilməlidir:

“Bu məqsədlə həkim qəbuluna düşmək üçün gözləmə müddətləri, pasiyent şikayətləri, tibbi xidmətlərin nəticələri və digər mühüm göstəricilər barədə müntəzəm hesabatlar hazırlanaraq ictimaiyyətə təqdim edilməlidir.Dərman və tibbi avadanlıqların satınalınmasında şəffaflığın artırılmasını da vacib sayıb. Satınalma qiymətləri, təchizatçılar və dərman çatışmazlığının səbəbləri barədə məlumatlar aydın olmalı, xəstəxanaların zəruri dərman və tibbi ləvazimatlarla fasiləsiz təminatına nəzarət gücləndirilməlidir”.

T.Mirzəyev əlavə edib ki, vətəndaş şikayətlərinin operativ və nəticəyönümlü araşdırılması üçün vahid müraciət mexanizminin yaradılması məqsədəuyğundur:

“Müraciətlərə baxılması üçün konkret müddətlər müəyyənləşdirilməli, görülən tədbirlər barədə vətəndaşlara məlumat verilməlidir. Tibb işçilərinin diplom və ixtisas sənədlərinin yoxlanılmasının da vahid və şəffaf qaydada aparılmasının vacibliyini vurğulayıb. Qanunsuz sənədlər əsasında həkimlik fəaliyyətinin həyata keçirilməsi halları təsdiqləndikdə qanun çərçivəsində tədbirlər görülməli, qanuni sənədlərə malik mütəxəssislər isə əsassız ittihamlardan qorunmalıdır”.

Cərrah diqqət çəkdiyi digər məsələ nazirliyin ekspert mütəxəssislərinin fəaliyyətinin şəffaflığıdır. O bildirib ki, ekspertlərin seçilmə meyarları, ixtisasları və qərarvermə prinsipləri açıqlanmalı, tibbi mübahisələrin araşdırılması zamanı maraqlar toqquşmasının qarşısı alınmalı, rəylərin əsaslandırılması və zəruri hallarda müstəqil təkrar ekspertizanın aparılması təmin edilməlidir:

“Səhiyyə sistemində aparılan dəyişikliklərin uğuru struktur və tabelik dəyişiklikləri ilə deyil, onların vətəndaşların həyatında yaratdığı real nəticələrlə ölçülməlidir. Vətəndaş həkim qəbuluna daha rahat düşəndə, keyfiyyətli tibbi xidmət alanda, tibb işçisi isə ədalətli və şəffaf şəraitdə çalışanda islahatların nəticəsi hiss olunacaq. Cəmiyyətin gözləntisi bəyanatlar deyil, konkret, ölçülə bilən və davamlı nəticələrdir”.