Uşaqlar üçün arıqlama iynələri - Mütəxəssisdən ciddi xəbərdarlıq

Uşaqlar arasında artıq çəki və piylənməyə qarşı arıqlama iynələrindən istifadə getdikcə yayılır. Mütəxəssislər isə bu müalicənin yalnız ciddi sağlamlıq riski olan uşaqlarda, həkim nəzarəti ilə tətbiq edilməli olduğunu bildirirlər.

Sherg.az xəbər verir ki, uşaq endokrinoloqu Səma Eryılmazın sözlərinə görə, Türkiyədə bəzi GLP-1 preparatlarının uşaqlar üçün istifadəsi təsdiqlənib. Lakin onların uşaqların uzunmüddətli inkişafına təsiri hələ kifayət qədər araşdırılmayıb.

Mütəxəssis ən çox rast gəlinən yan təsirlər arasında ürəkbulanma, qusma və ishalı qeyd edib. Daha ciddi, lakin nadir fəsadlara isə pankreatit və öd kisəsi xəstəlikləri daxildir.

Eyni zamanda, GLP-1 preparatlarının uşaqlarda əzələ itkisi və mikro-makro qida çatışmazlığı riskini artıra biləcəyi vurğulanır. Bu səbəbdən müalicə zamanı düzgün qidalanma və fiziki aktivlik xüsusi əhəmiyyət daşıyır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada uşaqlar arasında artıq çəki və piylənmə problemi də artır. 2022-ci ildə 5-19 yaş arasında 390 milyondan çox uşaq və yeniyetmənin artıq çəkili olduğu bildirilir.