Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?

ABŞ-da aparılan araşdırma süni intellekt vasitəsilə xəstəliyin nə dərəcədə irəlilədiyini pasiyentin üz fotosu əsasında da qiymətləndirməyin mümkün ola biləcəyini göstərib.

Sherg.az BBC-yə istinadən xəbər verir ki, alimlər süni intellektlə işləyən sistemin milyonlarla sağlam insanın üz görüntüsü və 35 min xərçəng xəstəsinin fotoşəkli əsasında öyrədildiyini açıqlayıblar. Sistem göz ətrafındakı xüsusiyyətləri təhlil edərək pasiyentlərin sağqalma müddətini proqnozlaşdıra bilir.

Tədqiqatçılar bildiriblər ki, bu texnologiyanın xəstəxanalarda istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün hələ vaxt lazımdır. Məqsəd isə həkimlərə pasiyentlər üçün düzgün müalicə üsulunun seçilməsində kömək etməkdir.

Araşdırmanın ilkin nəticələri nüfuzlu The Lancet Digital Health tibb jurnalında dərc olunub.

Gözlər hər şeyi deyə bilərmi?

FaceSurvival adlanan sistem insanın nə qədər ömrünün qala biləcəyini proqnozlaşdırarkən əsasən gözaltı nahiyələrə və burun körpüsünün ətrafına diqqət yetirir. Tədqiqatçılar bu sahələrin qiymətləndirmədə ən mühüm bölgələr olduğunu bildirirlər.

Sistem xərçəngin müxtəlif növlərinə və xəstəliyin fərqli mərhələlərinə tətbiq edilib. Buraya xəstəliyin sümüklərə və ya beyinə yayıldığı hallar da daxildir.

Araşdırmada iştirak edən xərçəng xəstələrinin əksəriyyəti ABŞ və Niderlanddan olub. Onların çoxu 50–60 yaşlarında olsa da, iştirakçılar arasında uşaqlar və 90 yaşdan yuxarı şəxslər də yer alıb.

Hazırda müalicə alan pasiyentlərin sağlamlıq vəziyyəti və xəstəliyin mümkün gedişatı tibbi müayinələr, hərtərəfli yoxlamalar və müxtəlif testlər vasitəsilə izlənilir. Patent müraciəti baxılmaqda olan FaceSurvival sistemi həkimlərə dəstək məqsədilə hazırlanır.

Araşdırmanın rəhbəri, Boston şəhərindəki Mass General Brigham xəstəxanasından doktor Raymond Mak texnologiyanın məqsədini belə izah edib:

“İnsanlar yaşlandıqca həkimlərə şüa terapiyası, cərrahi müdaxilə və ya sistemli müalicə kimi intensiv müalicə üsullarını tövsiyə etməzdən əvvəl fiziki zəifliyi müəyyənləşdirmək üçün daha yaxşı vasitələr lazımdır”.

Makın sözlərinə görə, məqsəd üz fotosuna əsaslanan sağlamlıq qiymətləndirməsini daha dəqiq, ardıcıl və geniş miqyasda tətbiq edilə bilən etməkdir. Bu yanaşma həkimin qərarını əvəz etmək üçün deyil, fərdi müalicə qərarlarını dəstəkləmək üçün nəzərdə tutulub.

Makiyajsız fotolarda da nəticələr sabitdir

Raymond Mak və həmkarları insanın təqvim yaşı ilə müqayisədə bioloji yaşını, başqa sözlə, zahirən neçə yaşında göründüyünü müəyyənləşdirən başqa bir süni intellekt sistemi üzərində də işləyirlər.

FaceAge adlanan sistem burun və ağız ətrafındakı dəri qırışlarını, alındakı mimik xətləri, gözlərin kənarındakı “qarğa ayağı” qırışlarını və yanaqların vəziyyətini qocalmanın göstəriciləri kimi qiymətləndirir.

Həddindən artıq spirtli içki qəbulu, narkotik maddələrdən istifadə və siqaret çəkmək kimi vərdişlər qocalma prosesini sürətləndirə bilər.

Mak bildirib ki, sistem insanın makiyajsız çəkilmiş fotolarında da təəccüblü dərəcədə sabit nəticələr verir. Onun sözlərinə görə, yoxlanılan estetik cərrahiyyə əməliyyatlarının əksəriyyətindən sonra da nəticələrdə sabitlik müşahidə olunub. Yalnız burun əməliyyatından sonra cüzi dəyişiklik qeydə alınıb.

Tədqiqatçılar sistemin effektivliyini daha dəqiq müəyyənləşdirmək üçün müxtəlif etnik qruplara aid daha çox məlumat və üz fotosuna ehtiyac olduğunu vurğulayırlar. Hər iki sistem hələ inkişaf mərhələsindədir.

Araşdırma qrupu insanları üz fotolarını yükləyərək fərdi bioloji yaş təxminini əldə etmək imkanından yararlanmağa da dəvət edib.

Bununla belə, Böyük Britaniyanın Surrey Universitetinin video emalı və süni intellekt sistemləri üzrə mütəxəssisi, professor Miroslav Bober texnologiyanın gələcək imkanları barədə qəti fikir bildirmək üçün hələ tez olduğunu qeyd edib.

“Bu, ümidverici bir yanaşmadır, lakin klinik istifadəyə hələ hazır deyil”, - deyə o bildirib.

Professorun sözlərinə görə, sistem həkimlər tərəfindən müxtəlif pasiyent qrupları üzrə sınaqdan keçirilməlidir.

Miroslav Bober xəbərdarlıq edib: “Nəticəni proqnozlaşdırmaq onu müəyyənləşdirməklə eyni şey deyil”.