"İnsanların tibb müəssisələrinə daha çox müraciət etməsi tibbi xidmətin əlçatanlığı ilə bağlıdır"
Ölkəmizdə xüsusi karantin rejiminin müddəti bitmir. Hər dəfə müddətn bitməsinə 2 həftə qalmış Nazirlər Kabineti müddəti yenidən 3 ay uzadır. Ola bilsin, pandemiya təhlükəsi hələ də qalmaqdadır, həmçinin regiondakı siyasi-hərbi durum sərhədlərin bağlı saxlanması zərurəti yaradır. Amma quru sərhədlərin bağlı qalmasının iqtisadiyyata, turizmə ziyan vurduğunu da danmaq olmaz. 
Eyni zamanda quru sərhədlərin açıq olduğu uzaq illərdə vətəndaşlarımızın qonşu Gürcüstana – doğma dədə-baba torpaqlarına sərbəst gediş-gəlişinin soykökü qədim yurd yerlərimizdən olanlara mənəvi rahatlıq gətirdyini, bəzən insanların müalicə üçün də bu ölkəyə, həmçinin cənub qonşumuz İrana – Güney Azərbaycana səfər etdiklərini də xatırlayaq. Hazırda ölkəmizin tbb müəssisələrində pasiyentlərin uzun növbələrdə durması, klinikalarda gün ərzində 300-400 müraciətin qeydə alınması bunu deməyə əsas verir ki, vaxtilə qonşu ölkələrə müalicə üçün gedənlər indi yerli tibb müəssisələrnə, xəstəxanalara müraciət edir. Bu günlərdə jurnalist, “Türküstan” qəzeti və Turkistan.unfo saytının redaktoru sosial şəbəkədə etdiyi paylaşımda “Yeni Klinika”da səhər saat 07:46-da, artıq 398 nəfərin həkim üçün növbə gözlədiyini, bu gedişlə gün ərzində yəqin ki pasiyent sayının 1000-ə çatacağını qeyd etmişdi. Tədqiqatçı, publisist Dilqəm Əhməd də “mən saat 10-da getdim. 849-cu nömrə verdilər. Sakitcə çıxaraq yola rəvan oldum. İçərisi mitinq kimi idi”, yazmışdı.
Əslən Borçalı mahalından olan həkim-pediatr Vaqif Qarayev isə “Sherg.az”a açıqlamasında xəstəxana və klinikalara müraciətlərin sayının artmasının quru sərhədlərin bağlı qalması ilə əlaqəli olmadığını dedi:
- Yolların bağlı olmasının xəstə sayının artmasna qətiyyən dəxli yoxdur. Bir vaxtlar ajiotaj vardı, vətəndaşlar İrana müalicə üçün gedirdilər, bu da xidmət və dərmanların ucuzluğu və keyfiyyətli olmasına görə idi. Bəziləri Gürcüstana gedirdi. Amma sonra ajiotaj kəsildi. Ölkəmizdə icbari tibbi sığorta işə düşdü, həkimlər əlçatan oldu, insanlar lazımı tibbi xidmət ala bildilər. Deməzdim xəstə sayı artıb. Elə həminki kimidir. İnsanların tibb müəssisələrinə daha çox müraciət etməsi tibbi xidmətin əlçatanlığı ilə bağlıdır.