Yaşlanmaq ürək xəstəlikləri üçün özlüyündə risk deyil

Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatlarına görə, ölkədə 65 yaş və yuxarı şəxslər arasında qeydə alınan ölümlərin 38,1 faizi qan dövranı sistemi xəstəliklərinin payına düşür.

Sherg.az xəbər verir ki, yaşlanmağın ürək xəstəliklərinin qaçılmaz olduğu anlamına gəlmədiyini bildirən kardiologiya və daxili xəstəliklər üzrə mütəxəssis, professor Abdi Sağcan gündəlik həyatda sadə tədbirlərlə riskləri azaltmağın mümkün olduğunu deyib. O, 65 yaşdan sonra ürək-damar sağlamlığını qorumaq üçün diqqət yetirilməli yeddi mühüm məqamı açıqlayıb.

Yüksək təzyiqə diqqət!

Ürək-damar xəstəlikləri riski yaş artdıqca yüksəlsə də, qoruyucu tədbirlərin hər yaşda fayda verdiyini bildirən professor Abdi Sağcan qeyd edib ki, yaşlanmaq ürək xəstəliyinin qaçılmaz olması demək deyil. Onun sözlərinə görə, xüsusilə 65 yaşdan sonra gündəlik vərdişlərin dəyişdirilməsi və müntəzəm tibbi müayinələr ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynayır.

Həkim arterial təzyiqin mütəmadi ölçülməsinin vacibliyini vurğulayıb. Yüksək təzyiq çox vaxt əlamətsiz inkişaf etdiyindən insanın özünü yaxşı hiss etməsi təzyiqinin normal olması demək deyil. Xolesterin və qan şəkərinin səviyyəsinə nəzarət də unudulmamalıdır.

Hərəkətli həyat tərzi və ürək üçün faydalı qidalanma

Professorun sözlərinə görə, hərəkətsizlik və yanlış qidalanma ürək-damar sağlamlığı ilə yanaşı, əzələ gücünə, tarazlığa və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərir.

O, insanın sağlamlıq vəziyyətinə və fiziki imkanlarına uyğun sürətli yerişin, yüngül məşqlərin və tarazlıq hərəkətlərinin gündəlik vərdişə çevrilməsini tövsiyə edib.

Qidalanmada tərəvəz, meyvə, tam taxıllı məhsullar, balıq və zeytun yağına üstünlük verilməli, həddindən artıq duz, doymuş yağ və emal olunmuş qidaların istehlakı məhdudlaşdırılmalıdır. Siqaret çəkənlər isə yaşlarından asılı olmayaraq bu vərdişdən imtina etmək üçün tibbi dəstək almalıdırlar.

Yuxu, stressin idarə olunması və simptomların izlənməsi vacibdir

Abdi Sağcan ürək sağlamlığının kompleks yanaşma əsasında qorunmalı olduğunu bildirib. Onun sözlərinə görə, keyfiyyətli yuxu, stressin idarə edilməsi və sosial əlaqələrin davam etdirilməsi ümumi sağlamlığın vacib hissəsidir. Aktiv həyat tərzi sürmək, ailə üzvləri və dostlarla vaxt keçirmək də insanın ümumi rifahına müsbət təsir göstərir.

Həkim yaşlı insanlarda xəstəlik əlamətlərinin hər zaman aydın görünmədiyini vurğulayaraq, döş qəfəsində təzyiq və ya ağrı, nəfəs darlığı, qeyri-adi yorğunluq, ürəkdöyünmə və başgicəllənmə kimi şikayətlərin diqqətdən kənarda qalmamalı olduğunu deyib.

Xüsusilə sinə ağrısı nəfəs darlığı, soyuq tər və ürəkbulanma ilə müşayiət olunarsa və ya ağrı qola, kürəyə, çənəyə yayılarsa, vaxt itirmədən təcili tibbi yardım almaq lazımdır.

Professorun fikrincə, hər bir insanın sağlamlıq ehtiyacları fərqli olduğundan, 65 yaşdan sonra tibbi müayinələr fərdi ehtiyaclara uyğun plan əsasında davam etdirilməlidir.