Yeni doğulmuş körpələrdə sarılıq olduqca geniş yayılmış haldır. Vaxtında doğulan körpələrin təxminən 60 faizində, vaxtından əvvəl doğulanların isə 80 faizində həyatın ilk həftəsində sarılıq müşahidə olunur.
Sherg.az xəbər verir ki, sarılıq qanda bilirubin adlı sarı-narıncı piqmentin səviyyəsinin artması nəticəsində yaranır. Əksər hallarda müvəqqəti xarakter daşısa da, bilirubinin uzun müddət yüksək qalması beyinə zərər verə və ciddi fəsadlara səbəb ola bilər.
Lakin "Scientific Reports" jurnalında dərc olunan araşdırma sarılığın təkcə problem olmadığını, müəyyən hallarda orqanizmin sepsisdən qorunmasına kömək edən təkamül mexanizmi ola biləcəyini göstərir.
Tədqiqatçılar müəyyən ediblər ki, bilirubin yenidoğulmuşlarda erkən sepsisin əsas səbəblərindən biri olan Streptococcus agalactiae bakteriyasının inkişafını azalda bilir. Hətta az miqdarda bilirubinin belə bu bakteriyanın inkişafını təxminən üçdə bir nisbətində azaltdığı aşkarlanıb.
Alimlər hesab edirlər ki, nəticələr bilirubinin yenidoğulmuşlarda infeksiyalara qarşı mümkün qoruyucu rolunu araşdırmaq üçün yeni istiqamət açır. Bununla belə, mütəxəssislər sarılığın təhlükəli səviyyələrə çatmasının qarşısının alınması üçün tibbi nəzarətin vacibliyini vurğulayırlar.