Ermənistan politoloqları hesab edirlər ki, yaxın vaxtlarda Ermənistanın iqtidar partiyası daxili çəkişmələrlə çalxalanacaq . Onların sözlərinə görə, bir tərəfdən iqtidarda olan “Vətəndaş müqaviləsi” partiyasında vəzifələr uğrunda çəkişmələr güclənib, digər tərəfdən isə baş nazir, partiyanın sədri Nikol Paşinyanın ətrafındakı insanların peşəkarlığına görə deyil, sadiqlik prinsipi üzrə seçilməsi ciddi fəsadlar yaradacaq.
AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, politoloq Armen Badalyan bu yaxınlarda Kotayk vilayətində Sasun Mikaelyan və Romanos Petrosyan arasında hakimiyyət uğrunda mübarizəni misal gətirib. Onun sözlərinə görə, “əvvəllər siyasətdən və ideologiyadan uzaq və yalnız vəzifə bölgüsü ilə məşğul olan Respublikaçılar partiyasının yerini Paşinyanın partiyası tutub”. Ekspert hesab edir ki, öncəki iqtidar partiyası kriminal oliqarxiyanın “siyasi dizaynı” idi, indiki partiya isə Paşinyanın ətrafındakı adamların vəzifə uğrunda çəkişməsi üzrə “siyasi dizayn”dır. Politoloq əlavə edib ki, əgər demokratik ölkələrdə partiyalardakı qruplaşmalar ideoloji əsaslarda formalaşırsa, məsələn, liberal və ya mühafizəkar prinsipləri üzrə, Ermənistanda isə ideologiyadan kənar və liderə yaxın olmaq əsas götürülür. O əlavə edib ki, bu yaxınlarda dövlət nəzarət xidmətinin başçısı David Sanasaryanla səhiyyə naziri Arsen Torosyan arasında düşmənçilik həddinə çatan mübarizə də buna əyani misaldır. Ekspert bu çəkişmələrin iqtidar partiyasını və son nəticədə dövləti zəifləyəcəyini vurğulayıb.
Politoloqlar Paşinyanın partiyasının fəal üzvlərindən biri olan Anna Marqaryanın obyektiv mülahizələrinə görə təqib olunmasını da iqtidarın gələcək problemlərinin əlaməti kimi qiymətləndirirlər. Onların fikrincə, bu fakt Ermənistan hökumətində islahatların arxa plana keçdiyini, əsas meyarın kadrların peşəkarlığı deyil, şəxsi sədaqət prinsipi olduğunu göstərir.