"Wall Street Journal": Ərdoğan NATO yerinə Putini seçdi 



"Türkiyə Prezidenti Rusiyanın hava müdafiə sistemini alaraq ittifaqı test edib"


ABŞ-ın nüfuzlu qəzetlərindən "Wall Street Journal" Türkiyənin ötən həftə təslim aldığı "S-400" hava müdafiə sistemi ilə bağlı məqalə dərc edib. Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, məqalədə "Ərdoğan NATO yerinə Putini seçdi. Türkiyə prezidenti Rusiyanın hava müdafiə sistemini alaraq ittifaqı test edib" yazılıb.

Məqalədə yazılıb ki, Türkiyə ABŞ-ın potensial sanksiya xəbərdarlığına baxmayaraq Rusiyadan "S-400" sistemini təslim almağa başlayıb: "Buna ən sadə cavab Türkiyəni "F-35" proqramından çıxarmaqdır. ABŞ rəsmiləri, Türkiyəyə "S-400"-lərin istifadəsində kömək edəcək rus mütəxəssislərin NATO-nun müdafiə sistemlərini araşdırma fürsəti tapa biləcək bir vəziyyətdə olduğunu deyirlər. Ümumiyyətlə, "S-400"-lər NATO təyyarələrini vurub salmaq üçün nəzərdə tutulub".

Məqalədə Tramp ilə Ərdoğan arasında "G-20"-də baş tutan görüşə də yer verilib.

Qeyd edək ki, iyulun 12-si "S-400"lərin Türkiyəyə tədarükü başlayıb. Rusiya istehsalı olan komplekslər Ankara vilayətində yerləşən Mürtəd aviabazasına çatdırılır.

NATO isə artıq bununla bağlı narahatlığını bildirib. ABŞ Türkiyənin "S-400" zenit-raket komplekslərini almasına mane olmağa çalışıb. Vaşinqton artıq Ankaranı sanksiyalarla və "F-35" qırıcısına dair müqaviləyə xitam verəcəyi ilə təhdid edib. Buna baxmayaraq, Rusiya və Türkiyə arasında razılaşma plana uyğun olaraq yerinə yetirilir.

Moskva və Ankara "S-400" komplekslərinin tədarükünə dair müqaviləni 2017-ci ildə imzalayıb. Sənədə əsasən, Rusiya bu sistemlərin dörd divizionunu Türkiyəyə tədarük edəcək.

Türkiyə Belarus və Çindən sonra Rusiya Federasiyasının "S-400" zenit-raket kompleksləri satdığı üçüncü ölkədir. Yaxın vaxtlarda Hindistanın da bu siyahıya qoşulacağı gözlənilir.