“Rəsmi Bakı İran vətəndaşlarına tətbiq etdiyi viza sistemini də ortadan qaldırmalıdır”.
Bu təklifi “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu irəli sürüb.
Feysbuk profilində məsələni dəyərləndirən politoloq vurğulayıb ki, rəsmi Bakının yeni qərarından sonra Tehran hökuməti eyni xahişlə Azərbaycana müraciət edəcək:
“Türkiyə kimi İran da Azərbaycan vətəndaşlarına viza tətbiq etmir. İranla bağlı da müəyyən təhlükəsizlik məsələləri ön plana çıxa bilər.
Ancaq önəmli olan İranda yaşayan milyonlarla soydaşımızın Azərbaycana rahat gəlişini təmin etməkdir. Bunun Azərbaycan üçün geosiyasi əhəmiyyəti də var.
Doğrudur, deyilə bilər ki, ABŞ-la İran arasında müharibə başlasa qonşu ölkədən qaçqın axını ilə üzləşə bilərik.
Lakin belə bir ehtimal olarsa, biz onsuz da müharibədən qaçmaq istəyən soydaşlarımıza sərhəddin qapısını bağlı saxlaya bilməyəcəyik.
Bu halda vizanın olmasının əhəmiyyəti yoxdur”.