Millət vəkili: "Pənah Hüseynin üstünə düşdülər ki, sən niyə Fazil Mustafa və Qüdrət Həsənquliyevlə görüşmüsən?"

"Cümə günü keçmiş baş nazir Pənah Hüseyn telefonla arayaraq bir neçə partiya sədrləri ilə birlikdə Azərbaycandakı ictimai-siyasi vəziyyəti müzakirə etməyi təklif etdi və bildirdi ki, görüşdə BAXCP sədri Q.Həsənquliyev, BAP sədri E.Musayev və AMİP sədri A.Əlizadə iştirak edəcək. Bütün mədəni siyasi və elmi müzakirələrə açıq bir şəxs kimi təklifi qəbul etdim və bir kafedə çay süfrəsi arxasında gilas mürəbbəsinin də müşayəti ilə maraqlı müzakirə apardır. Yəni siyasi kimliyi olan bir neçə azərbaycanlı oturub bir arada normal, səmimi ölkəmizin daxil və xarici durumunu müzakirə etdik. Nə yeni bir təşkilat yarandı, nə kimsə-kimsəyə yumruq atdı, nə hansısa təşkilatın və şəxsin əleyhinə danışıldı. Bir saata iki çaynik çay istehlak edərək ayrıldıq".
Sherg.az bildirir ki, bu sözləri Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa, müxalif düşərgənin bir neçə partiya lideri ilə görüşü ilə bağlı danışarkən deyib: "Sonda Pənah bəy söylədi ki, bu qeyri-rəsmi söhbətləşmə barədə sosial şəbəkədə və mətbuatda bilgi vermək istəyir, orada olan partiya sədrlərindən kimsə buna etiraz etmədi. Sonra Pənah bəy bu görüş barədə öz profilində qısa bir mətn içində bilgi yazdı. Yəni bura qədər hər şey yolunda getdi. Bəs sonra nə oldu? O oldu ki, Azərbaycanda cəhalətin, nadanlığın, danabaşlığın yalnız dini sferada baş alıb getmədiyi, həm də siyasi sferada tüğyan etdiyi üzə çıxdı. İçində qondarma professoru, siyasət bilicisi və başqa kateqoriyadan olanlar rəy yazaraq düşdülər Pənah bəyin üzərinə ki, bəs sən niyə Milli Məclisdə təmsil olunan mənimlə və Qüdrət bəylə görüşmüsən? Allah-allah, bu ölkədə həqiqətən keçinin qoturu özünə sığışdırıb bulağın gözündən su içmək istəmir! Bu nə düşüncə, bu nə anlayış! Başqa xalqlar deyirlər ki, siyasətçilərimiz bir araya gəlib mədəni müzakirə aparsınlar, ölkənin problemlərindən çıxış yolları axtarsınlar, bunlar isə əksinə, deyirlər ki, niyə bir-birinizə düşmən olmursunuz. Sonra da hakim partiyaya irad bildirirlər ki, niyə müxalifətlə dialoq aparmır. Bu cür xəstə müxalifətçiliyin daşıyıcıları olan yerdə bu müzakirə necə aparıla bilər? İnanın ki, bəndəniz istər iqtidarda, istər müxalifətdə, istər də siyasətdən uzaq fəaliyyəti olan hər hansı bir azərbaycanlı görəndə həvəslə müzakirə aparıram ki, ölkəmizin gələcəyi üçün hamımız birlikdə necə hərəkət edə bilərik? Cahil, nadan iqtidarçı və ya müxalifətçi görəndə məyus oluram ki, birdən bunların sayı daha çox olar və ölkəmizin gələcəyini sağlam təməldə qurma arzularımız gerçəkləşməyə bilər. Düzsünüzsə, dürüstsünüzsə, yalandan müxalifətçi donuna girib başınızı illər boyu boşuna girələməyin, iqtidarlı-müxalifətli Azərbaycana bağlı insanlarla dialoqdan imtina etməyin, ölkəmizi gözləyən xarici və daxili təhlükəyə qarşı vətəndaş fəallığı göstərin, göstərməsəniz belə, azərbaycanlılar arasında barışmazlıq baryerlərini aradan qaldırmağa çalışanlara heç olmazsa mane olmayın. Milli Məclisdə təmsil olunmağa gəldikdə isə, bir şey deyə bilərəm ki, bütün platformalarda yalnız öz mövqeyimi- doğruluğuna əmin olduğum, milli maraqlarımız üçün zəruri hesab etdiyim, vətəndaşımızın dərdinə az-çox məlhəm ola biləcək mövqeyi sərgiləyirəm. Ağıllı insanlara bunun əlavə şifrəsini açmağa gərək varmı? Bütün səmimi dialoq aparanların içdiyi çaylar nuş olsun!".
Qeyd edək ki, iyulun 26-da bir qrup partiya sədri əvvəlcədən planlaşdırılmış növbəti qeyri rəsmi görüşündə ölkənin qarşılıqlı maraq doğuran məsələləri, ö cümlədən "Köklü islahatlarla dəyişikliklərə doğru" təşəbbüsü çərçivəsində başladılmış siyasi proseslə bağlı vəziyyət və sonrakı addımları müzakirə edib. Digər siyasi partiya rəhbərləri ilə görüşlər barədə qarşılıqlı məlumat mübadiləsi olub. Bu tip təmasların davamlılığının faydalı olduğu qeyd edilib. Görüşdə AMİP sədr əvəzi A. Əlizadə, BQP sədri F.Mustafa, BXCP sədri Q. Həsənquliyev, BAP sədri E. Musayev iştirak ediblər. Bu görüşlə bağlı sosial şəbəkələrdə Pənah Hüseynin ünvanına tənqidlər səsləndirilib.