“Bu il Azərbaycan Rusiyadan silah almadı” – NİYƏ ? 

Elxan Şahinoğlu:“ Bizim daha müasir hərbi texnikalara ehtiyacımız var. Ona görə də bu sahə ilə bağlı başqa ölkələrə müraciət etmək lazımdır”

“Eyni zamanda Rusiyanın xarici siyasətində bizi qane etməyən istiqamətlər var. Daha çox da şimal qonşumuzun Ermənistana verdiyi dəstək bizi narahat edir”


Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 17-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək. Müdafiə Nazirliyindən, Z.Həsənov həmçinin “Tank biatlonu” müsabiqəsində yüksək nəticə əldə edərək finala yüksələn Azərbaycan tankçılarının çıxışını izləyəcək. Final yarışlarında komandamız birinci divizionda Rusiya, Belarus və Qazaxıstan komandaları ilə mübarizə aparacaq. 

Nazirin səfərini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a söyləyib ki, Z.Həsənovun Rusiyaya getməsi siyasi əhəmiyyət daşıyan səfər deyil:

“Sabah Rusiyada “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimi keçiriləcək. Eyni zamanda tədbirdə Azərbaycan tankçılarının final çıxışı olacaq. Yəni, burada Azərbaycan - Rusiya münasibətləri müzakirə edilməyəcək. Həmçinin Azərbaycanla yanaşı başqa ölkələrin də rəsmiləri iştirak edəcək. İnanmıram ki, Zakir Həsənov Rusiya nümayəndələri ilə dərin siyasi görüşlər keçirsin. İki dövlət rəsmisi arasından heç bir saziş imzalanmayacaq”.

E.Şahinoğlu onu da əlavə edib ki, bu il Azərbaycan Rusiyadan silah almadı:

“Bu da artıq siyasətin dəyişdiyinə bizim tərəfdən işarət verir.  Bu, çox müsbət haldır. Çünki bizim daha müasir hərbi texnikalara ehtiyacımız var. Ona görə də bu sahə ilə bağlı başqa ölkələrə müraciət etmək lazımdır.

Eyni zamanda Rusiyanın xarici siyasətində bizi qane etməyən istiqamətlər var. Daha çox da şimal qonşumuzun Ermənistana verdiyi dəstək bizi narahat edir”.