Bitmişlərin “vətənpərvərliyi” - Onların maskaları çoxdan yırtılıb


“Bugün siyasətdən uzaqda duran, işi olmayan hansı azərbaycanlı youtube kanalının təkcə reklamına ayda 5000-15000 arasında pul xərcləyə bilər?




Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov xaricdə fəaliyyət göstərən siyasi mühacirlərlə bağlı feysbuk hesabında paylaşım edib.  O, bildirib ki, hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir. Bunlardan biri internet televiziyalardır
Ə.Əhmədov qeyd edib ki, müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir: “Ən acınacaqlısı da odur ki, ayrı-ayrı yad və təhlükəli maraqlar naminə Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaq verilmiş azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır. Yalnız sadəlövh adamlar düşünə bilər ki, internet TV-lər məhdud maliyyə resursları ilə yaradılır və işlədilir. Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan insanın malik olduğu resurslar internet TV işlətmək kimi heç də az vəsait tələb etməyən məşğuliyyətlə adekvat deyil. Sizi əmin edirəm ki, həmin adamlara lazımınca maliyyə dəstəyi edilir. Sözügedən TV sahiblərindən biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir. Deməli, söhbət Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir və bir daha təkrar edirəm ki, bu iş Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir”.
Azərbaycanda əksər siyasilər, ictimaiyyət nümayəndələri Ə.Əhmədova haqq qazandıraraq bildirirlər ki, xaricdə ölkəmizə qarşı aparılan təxribatlara, xalq, cəmiyyət, bütün sağlam siyasi qüvvələr etirazını bildirməlidir. 
Politoloq Zaur Məmmədov Sherg.az-a deyib ki, bu günə qədər dünyadakı heç bir inqilab xalq tərəfindən reallaşmayıb:
“Ən yaxın tarixdən bizim yaxşı bildiyimiz Ukrayna, Qırğızıstan, Misir, Liviya və başqa ölkələrdə baş verən "xalq hərəkatları", "demokratik dəyişikliklərin" arxasında ayrı- ayrı güc mərkəzlərinin olduğu faktlarla sübut olunub. Təbii ki, Azərbaycan da qlobal siyasi proseslərin bir oyunçusu olaraq bu hadisələrdən sığortalanmayıb. Ona görə də kifayət qədər ayıq olmaq və hadisələrə adekvat qiymət vermək lazımdır.  Bu gün, özlərini mühacir adlandıran bəzi "Youtube" qəhrəmanları böyük pullar arxasınca xaricə qaçaraq bloqqerlikdən kifayət qədər maliyə qazanırlar: 
"Hamıya məlumdur ki, indi dünyada kibermüharibə, seçki proseslərinə müdaxilə gedir. Hətta ABŞ kimi dövlətin milli təhlükəsizlik orqanlarının illik açıqlamalarında son zamanlar məhz bu mövzusunun ən aktual olduğu göstərilir. Tənqidlə diqqəti cəlb etmək asan məsələdir, insanlar tənqidi sevir. Lakin, bu şəxslər xalqın gözündə qəhrəman deyillər, ola da bilməzlər. Çünki, onların arxasında istər daxildəki, istər xaricdəki ayrı - ayrı güclərin olması aydınlıqla görünməkdədir. Xalq isə satılmışlara, ölkəsini 5 paraya satanlara dəstək vermir”. 
Analitik maraqlı sual da ünvanlayıb: “Bugün siyasətdən uzaqda duran, işi olmayan hansı azərbaycanlı youtube kanalının təkcə reklamına ayda 5000-15000 arasında pul xərcləyə bilər?  Xaricdə və daxildə yaxşı şəbəkələşmiş bu qrupların əslində bir məqsədi var - hakimiyyəti tənqid etməklə Qərb fondları, xüsusi xidmət orqanları və ayrı -ayrı havadarlarının dəstəyi ilə milyonlar qazanmaq. Onlar milyonları artıq qazanıblar və qazanmaqda davam edirlər. Lakin, qazanmağa müyəssər olmadıqları bir şey var. Siyasi karyeralarının çoxdan bitdiyi bu qrupların hansı məqsədlə "vətənpərvər" libasına girərək xalqa teatr göstərdikləri ifşa olundu”. 
Z.Məmmədov qeyd edib ki, Azərbaycanın sağlam düşüncəli insanlarının, ziyalıların, siyasi qüvvələrin, vəzifəsi milli dövlətçiliyin inkişafına mane olmağa cəhd göstərən, dövləti xaos və anarxiyaya çevirmək arzusunda olanların sərt şəkildə cavabını verməkdir. 

Anar