Azərbaycan müstəqillik əldə edərkən kənar qüvvələr, qonşu və uzaq dövlətlər, burada geosiyasi, geoiqtisadi, hərbi strateji maraqları olan dairələr üçün kifayət qədər maraqlı obyekt idi və hamı burada özünün koloniyasını yaratmaq istəyirdi.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Şeyxülislam Hacı Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunan tədbirdə deyib.
Ə.Həsənov bildirib ki, Şeyx həzrətləri Azərbaycanın dini-mənəvi həyatında özünəməxsus nümunələr yaradıb: "O nümunələrdən biri Azərbaycanda bugünkü islam modelidir. İslam dininin normaları var ki, onlara toxunmaq, pozmaq olmaz və bu normalar olduğu kimi tətbiq olunmalıdır”.
Prezidentin köməkçisi vurğulayıb ki, Hacı Allahşükür Paşazadədən danışanda onun şeyxülislamlıq fəaliyyətinin mövcud nəticələrinə dəyər verilməlidir: “Azərbaycan müstəqillik əldə edərkən Şeyxülislam ümummilli lider Heydər Əliyevin yürütdüyü müstəqil dövlətçilik siyasətinə dəstək verərək milli-mənəvi birlik modelini ortaya qoydu, onun əsas mexanizmlərini və dövlətin maraqlarına uyğun metod və vasitələrini işləyib hazırladı, bu modeli kənar təsirlərdən qorudu. Şeyxülislamlıq fəaliyyətinin müstəqillik dövründəki əsas yekunu budur. Bu gün Azərbaycanın dini adət-ənənələri, inanclı insanların davranış normaları, islami tələblərin yerinə yetirilməsi bizim milli modelimizə tam uyğundur ki, onun da təməlində məhz Şeyxülislam Hacı Allahşükür Paşazadə dayanır”.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov bildirib ki, bu gün Azərbaycanın hər bir yerində dünyada tayı-bərabəri olmayan məscidlərimiz fəaliyyət göstərir: “Şeyx həzrətlərinin fəaliyyəti barədə geniş danışmaq olar. Bunlar danışdıqca qurtarmır. Hacı Allahşükür Paşazadə dünyada tanınan bir şəxsiyyətdir. Onun Azərbaycanın bütün ağsaqqallarının yanında çox böyük hörməti var”.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar bildirib ki, Hacı Allahşükür Paşazadə Azərbaycanın tarixində ən gənc şeyxülislam olub: “O, 30 yaşında şeyxülislam olub. Çox gənc yaşlarından ağsaqqal kimi fəaliyyət göstərib. XX və XXI əsrdə dinin adından çıxış edib. İslam dini sülh və barış dinidir. Mən Şeyxülislam ilə çoxdan tanışam və onun fəaliyyətini dərindən izləyirəm”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə qeyd edib ki, Hacı Allahşükür Paşazadə həm də siyasi və dövlət xadimidir: “O, uzun müddət Azərbaycan və SSRİ parlamentinin deputatı olub. Şeyx həzrətləri dövlətçiliyi hər zaman yüksək tutub, Azərbaycanın ən taleyüklü məsələlərində həmişə dövlətin yanında olub. Hacı Allahşükür Paşazadə həmişə dövlətin apardığı siyasəti dəstəkləyir və buna öz töhfələrini verir”.
Tədbirin yekununda çıxış edən A.Paşazadə hər kəsə təşəkkür edib: “Bu gün tədbirdə söylənən bütün fikirlər mənim üçün çox xoşdur. Hər bir insan yaşadığı dövrdə istəyər ki, arxaya baxsın.
Bu gün dini təhsil alanlar çoxdur. Çünki onlar üçün müstəqillik dövründə hər bir şərait yaradılıb. Mən təhsil alanda bilmirdim ki, din xadimi, Şeyxülislam olacağam. Oxuyurdum ki, Allahımı, doğru yolu tanıyım. Allah-təala da bunu mənə nəsib etdi”.