“Azərbaycanın heç vaxt KTMT-yə üzv olmaq istəyi olmayıb” –Aktual

“Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında hansısa formada təmsil olunması ölkəmizin hüdudlarından kənarda həll oluna bilməz”. 

Bunu “Sherg.az”a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Analitikin sözlərinə görə, bu məsələ birbaşa Azərbaycanın siyasi rəhbərliyinə aiddir: 

“Nə vaxt bu barədə konkret mövqe olacağına rəsmi Bakı qərar verəcək. Koçaryanın sarsaq bəyanatlarını dəfələrlə eşitmişik. Azərbaycanın heç vaxt KTMT-yə üzv olmaq istəyi olmayıb. Ermənistan istisna olmaqla qurumda yer alan ölkələrin hamısı ilə dostluq münasibətlərimiz var. Məhz həmin ölkələr Azərbaycanın heç olmasa müşahidəçi statusunda təşkilatda təmsil olunmasını arzulayırlar”.  



Ekspert vurğulayıb ki, Azərbaycan uzun müddətdir,Qoşulmama Hərəkatının üzvüdür: 

“Bu ilin oktyabr ayında Hərəkatın zirvə toplantısı Bakıda keçiriləcək. Azərbaycanın Qoşulmama Hərəkatında olması göstərir ki, rəsmi Bakı bloklaşma təfəkküründən uzaqdır. Biz sülhün və əmin-amanlığın tərəfdarıyıq. Dünyada risklər və təhdidlər çoxaldıqca, münaqişələr artdıqca blokların sayı da çoxalır. O baxımdan Azərbaycan Hərəkata sədrlik etdiyi dövrdə mümkün qədər dinamik olacaq. Ölkəmizin diplomatiyası son illər böyük irəliləyiş əldə edib. Bu irəliləyiş dünyanın elitası qarşısında yüksək qiymətləndirilir. Ona görə də bu təşkilatda kimin sədr olmasından çox şey asılıdır. Təşkilatın fəaliyyəti əməli surətdə özünü hiss etdirməlidir”. 

T.Abbasov bildirib ki, Ermənistanın KTMT-də təmsil olunması göstərir ki, düşmən ölkə siyasi prioritetlərini müəyyən edə bilmir və çıxış yolunu bloklaşmada görür:


“Ermənistanda siyasi elita parçalanıb, qarşıdurma daha da güclənib. Daxildə böyük hərcmərclik yaşanır. Siyasi rəhbərlik xaos vəziyyətindən çıxış yolu tapmır”. 

Qeyd edək ki, ötən gün Ermənistan parlamentində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə dəyişiklik edilməsi barədə müzakirələr keçirilib. Dəyişikliklərə əsasən KTMT-də müşahidəçi və tərəfdaş statusları olacaq. Parlamentdə çıxışı zamanı xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib ki, Ermənistan ona dost olmayan istənilən ölkənin təşkilatda müşahidəçi və ya tərəfdaş statusu almasını blok edə bilər: “Tərəfdaş KTMT ilə əlaqələri dərinləşdirməkdə maraqlı olan və onun ideologiyasını bölüşən ölkədir. Belə bir statusa malik ölkənin təşkilata üzv ölkəyə qarşı hər hansı addım atmaması olduqca əhəmiyyətlidir. Heç bir ölkə qurumun bütün üzvlərinin razılığı olmadan müşahidəçi və ya tərəfdaş statusu ala bilməz”.