“İşğal altındakı Azərbaycan torpaqlarında keçirilən hər hansı seçkinin, o cümlədən sentyabrın 8-də keçirilmiş bələdiyyə seçkisinin heç bir hüquqi əsası yoxdur”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, bu seçkini ermənilərdən başqa heç kim tanımır və tanıya da bilməz:
“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və dünya da oranı Azərbaycanın ərazisi kimi rəsmən tanıyır. Ona görə də Qarabağda həyata keçirilən hər hansı siyasi proses yalnız Azərbaycanın razılığı əsasında beynəlxalq səviyyədə tanına bilər.
Bunlarla yanaşı orada “bələdiyyə seçkiləri”nin keçirilməsi münaqişənin sülh yolu ilə həllinə əngəldir. Son vaxtlar Paşinyanın sərsəm bəyanatları və indi də qondarma seçkinin keçirilməsi ümumilikdə danışıqlar prosesini qüvvədən salır”.
Parlament üzvü bildirib ki, ATƏT-in Minsk Qrupunun ermənilərin özbaşınalıqlarını susqunluqla qarşlaması ikili standartların nəticəsidir:
“Bütün bunlardan sonra Minsk Qrupun həmsədrlərinin hansı üzlə regiona səfər edəcəklərini və danışqlar barəsində danışacaqlarını anlamıram.
Düşünürəm ki, biz hər zaman Ali Baş Komandanın əmrini gözləməliyik və hər duruma tam hazır olmalıyıq”.