“Vaxt Ermənistanın əleyhinə işləyir...” - AÇIQLAMA


“Vaxt Ermənistanın əleyhinə işləyir və düşmən ölkə getdikcə daha da təcrid olunur”.

Bunu “Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. 

Analitik bildirib ki, bir neçə gündür Ermənistan parlamentində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı dinləmələr gedir



“Dinləmələr XİN rəhbərinin müavini Savaş Koçaryan tərəfindən həyata keçirilir. Erməni deputatları ən çox maraqlandıran məsələ KTMT-nın müharibə başlayacağı təqdirdə Ermənistana nə dərəcədə dəstək verəcəyidir.

Deputatlar qurumun nizamnaməsindəki bir sır maddələrə dəyişiklik etmək niyyətindədir. Onlardan bir neçəsi təklif edib ki, təşkilatın üzvləri digər ölkələrə silah satışını həyata keçirərkən mütləq bir-biri ilə konsensusa gəlməlidir. Erməni tərəfi konkret olaraq Rusiya və Belarusun Azərbaycana silah satmasından ciddi narahatlıq duyur. Ona görə də buna qadağa tətbiq etmək istəyir. Əlbəttə, bu nonsensdir və reallaşması qeyri-mümkündür”. 

Siyasi şərhçinin sözlərinə görə, KTMT Azərbaycanla münasibətlərə ciddi önəm verir: 

“İşğalçı Ermənistan istisna olmaqla quruma üzv olan bütün dövlətlərlə Azərbaycanın yaxşı əlaqələri, siyasi, iqtisadi və hərbi münasibətləri var. İrəvanın təşvişinə səbəb olan əsas məqam budur. Ermənistan tərəfi KTMT-nı müzakirəyə çıxararaq üzv ölkələrə təsir mexanizmi tapmağa çalışır.

Ancaq hamı yaxşı bilir ki, düşmən ölkənin qurumda təmsil olunan dövlətlərə təsir imkanı sıfırdır. Ermənilərin özlərinin də etiraf etdiyi kimi təşkilat daxilində onların hörməti, nüfuzu yoxdur. Çünki bu ölkə işğalçıdır. Bunun əksinə, bütün təşkilatlarda, ümumiyyətlə dünyada Azərbaycanın nüfuzu kifayət qədər çoxdur”.