Paşinyan hökuməti dağılır - TƏHLİL


"Bu həftə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanesyan baş nazir Nikol Paşiyanın siyasətini tənqid edərək istefa verdi, üstündən heç tam bir gün keçməmiş Ermənistanın polis rəisi Valeriy Osipyanla hökumətin yolları ayrılır. Bu dəfə Paşinyan qabaqlayıcı addım ataraq, prezident Armen Sərkisyana müraciət edərək polis rəisinin istefaya göndərilməsi məsələsini qaldırıb. Valeriy Osipyan da Artur Vanesyan kimi Paşinyana qarşı demarşa hazırlaşırdı və bundan xəbər tutan baş nazir birinci addımı atmağa qərar verib. Çünki istefasıyla əlaqədar Artur Vanesyanın baş nazirə qarşı verdiyi açıqlamalar Ermənistanda əsas müzakirə predmetidir. Eyni sərt sözləri polis rəisi də istefa ərizəsiylə birgə yaza bilərdi. Bu isə rəsmən Paşinyan hökumətinin dağılmasının sürətlənməsi demək olacaqdı. Onsuz da polis rəisi istefadan sonra Paşinyan əleyhinə ürəyini boşaltmağa başlayacaq".



Bu barədə "Sherg.az" "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib.

Ekspertin qənaətincə, Ermənistanda sentyabrın 17-də baş nazirin iştirakı ilə Təhlükəsizlik Şurasının iclası keçirilib:

"Bununla əlaqədar İrəvanda iki şayiə yayılıb. Birinci şayiə budur ki, polis rəisinin istefası məsələsi Təhlükəsizlik Şurasında qaldırılıb. Ancaq Təhlükəsizlik Şurasında iştirak edən qurumun baş katibi Areq Koçinyan, o cümlədən parlamentin spikeri Ararat Mirzoyan və müdafiə naziri David Tonoyan toplantıda polis rəisinin istefası məsələsini müzakirə edilmədiyini bildiriblər.

Buna baxmayaraq, Nikol Paşinyan polis rəisini məhz Təhlükəsizlik Şurasının toplantısından dərhal sonra istefaya göndərməyə qərar verib. Demək bu ikisi arasında birbaşa əlaqə var. Böyük ehtimalla bu Paşinyan hökumətində sonuncu istefa deyil. İstefaların sayı artdıqca Paşinyanın mövqeləri zəifləyəcək.

İstefalar isə onunla bağlıdır ki, məmurlar batmaqda olan gəmidə Paşinyanla çiyin-çiyinə dayanmaq istəmirlər. İstefa verənlər Rusiyadan da gərəkən siqanalları alıblar. İrəvanda ikinci şayiə budur ki, müdafiə naziri də istefaya hazırlaşır. Tonoyan hələ ki, bunu inkar edir. Ancaq Tonoyanın da Ermənistandakı mövcud duruma görə dərin düşüncə içində olduğunu istisna etmək olmaz.

Bu arada, Ermənistan parlamentində aprel savaşının nəticələrini araşdıran komissiya var gücü ilə çalışır. Müdafiə Nazirliyi aprel savaşı ilə bağlı gizli məlumatları komissiyaya göndərir. Komissiyanın işinin nəticəsi olaraq həbslərin olacağını müdafiə naziri Tonoyan istisna etməyib.

Paşinyan bu komissiyadan rəqiblərinə qarşı istifadə etməyi planlaşdırır, ancaq əldə ediləcək nəticələr baş nazirin özünün əleyhinə işləyəcək. Çünki rəqibləri arasında həbslərin sayı artıqca Paşinyana qarşı müqavimət də güclənəcək. İnqilabın əks-inqilabı olur, Paşinyanın rəqibləri revanşa hazırlaşırlar".