Ermənistanda böhran içində, Paşinyan isə mif axtarır

Ermənistan baş naziri Nikol Paşinyanın elan etdiyi “Ermənistan 2050 - Strateji İnkişaf Sənədi” ölkədə ciddi müzakirə mövzusu olaraq qalmaqdadır. Sənəddə verilən vədlərin reallıqdan uzaq olduğu qeyd edilir. 

“Ermənistan 2050 - Strateji İnkişaf” sənədində, Ermənistanın maliyyə vəziyyəti ilə bağlı qeyri-real hədəflər müəyyən olunub. Sənədin ən mühüm bəndlərdən biri işsizliyin ortadan qaldırılması ilə bağlıdır. 

Amma son zamanlar Ermənistanın ağır iqtisadi şəraiti və maliyyə çatışmazlığı, bugünədək işsizliyin həcminin yüksək qalmasına səbəb olub. Müstəqilliyin ilk illərinədək işsizlik səviyyəsi sonrakı dövr ərzində artaraq 2018-ci ildə 17,71 % olub. 2016-cı ildə ölkə parlamentindəqeyri-rəsmi işsizlik səviyyəsinin 35 % olduğu və 1 milyondan artıq vətəndaşın yoxsulluq səviyyəsindən aşağı şəraitdə yaşadığı bildirilib. Açıq-aydın görünür ki, Paşinyanın həm hərbi-siyasi, həm də iqtisadi proqramları reallığa deyil, populizmə hesbalanıb. 

Ermənistandakı durumu “Sherg.az”a şərh edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu söyləyib ki, Paşinyan hakimiyyətə gələnə qədər əsas problem Dağlıq Qarabağ problemi idi:

“Amma indi Ermənistanın qabağında Qarabağ kimi əlavə iki problem yaranıb. Məsələlərə lazımi diqqət göstərilsəydi, həmin məsələlər problemə çevrilməzdi. Ermənistan ümumi konseptual planda geri addımlayır. Paşinyanın bu geriləməni dayandırmağa gücü yoxdur”.

Politoloq  diqqətə çatdırıb ki, “Ermənistan 2050 - Strateji İnkişaf Sənədi” sadəcə utopiyadır, xalqı adlatmaqdan başqa bir şey deyil:

“Paşinyanın başqa çarəsi yoxdur. O öz xalqını yaxşı tanıyır və bilir ki, ermənilər reallığa yox, mifə inanırlar. Ona görə də Paşinyan çalışır ki, yeni miflər düzəltsin və ortaya elə rəqəmlər qoysun ki, erməni xalqı aldansın.

Amma nəzərə almır ki, bu vəziyyətlə bütün Ermənistan cəmiyyətinə nəzarət edə bilmir. Paşinyan “məxməri inqilab” dövründə “işsizlik olmayacaq” vədlərini verməsəydi, bəlkə də, indi rahat olardı. Amma o zamanlar bunu edə bilməzdi, çünki onun ağlı, savadı, dövlət idarəçiliyi və bacarığı yox idi.

Ümumi durum belədir ki, Ermənistan həm sosial- iqtisadi, həm humanitar, həm mədəni-etik, həm də dövlətçilik böhranına  doğru sürətlə irəliləyir. Paşinyanın isə bu böhranı dayandırmaq gücü yoxdur”.