Trampa qarşı impiçment: "ABŞ prezidentinin siyasətindən narazı qalanların sayı çoxalıb"

ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampa qarşı impiçment proseduruna başlayıb. Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib ki, Amerika prezidenti də daxil olmaqla heç kim qanundan üstün ola bilməz.

Bundan əvvəl ABŞ tarixində impiçment proseduru cəmi üç dəfə həyata keçirilib. İmpiçment qaydalarına görə, prosedur federal işçilərin, o cümlədən ABŞ prezidentini “dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayət və qanun pozuntularında” ittiham edərək mühakimə edilməsini və vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutur. Məsələ bir neçə dəfə gündəmə gəlsə də, əksər ekspert Trampın impiçmentinin reallaşmayacağını iddia edirlər.
 
Politoloq Azər Rəşidoğlu “Şərq”ə açıqlamasında vurğulayıb ki, Trampın fəaliyyətindən narazıların sayı çoxdur. Lakin bu o anlama gəlmir ki, ona impiçment tətbiq olunacaq:

"Məsələ ondadır ki, hazırda ABŞ Konqresində respublikaçıların sayı demokratlardan çoxdur. Tramp isə Respublikaçılar Partiyasının üzvüdür. Baxmayaraq ki, partiyanın içində də ona münasibət birmənalı deyil, Trampın siyasətindən narazıların sayı çoxalıb, ancaq yenə də ona partiya maraqları naminə impiçment göstərilməsi real deyil. Sadəcə olaraq Trampın Rusiyaya yönəlik siyasəti dəstəklənmir. Bütün bu təzyiqlər Trampı geri çəkilməyə vadar edə bilər. Əks təqdirdə impiçmentin reallaşması mümkün hala gələr. Lakin bir daha vurğulayıram ki, hazırda impiçment real deyil”.