Putin 5 ilə Sovet İttifaqını bərpa etmək qərarına gəlib - Saakaşvili



Putin 2024-cü ilə qədər Sovet İttifaqını bərpa etmək qərarına gəlib.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. “İnterfaks”ın məlumatına görə, Saakaşvili Rusiyanın Ukraynanın əsas hissəsi də daxil olmaqla, Gürcüstanı, Ermənistanı, Moldovanı, Belarusu ilhaq etməyi planlaşdırdığını bildirib.

M.Saakaşvili bunu növbəti seçkiyə qədər Putinin əsas hədəfi adlandırıb.

Gürcüstanın keçmiş lideri bu məlumatı haradan əldə etdiyini açıqlamayıb.

Saakaşvili vurğulayıb ki, Gürcüstana qarşı böyük sui-qəsd var. Belə ki, Gürcüstan hökuməti Rusiya rəhbərliyi ilə danışıqlar aparır, Tiflisin heç bir zaman NATO və Avropa Birliyinə qoşulmayacağını elan etmək istəyir”.

Rusiyanın Saakaşvilinin bu açıqlamasına cavabı gecikməyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov RİA-ya deyib ki, Rusiya 2024-cü ilə qədər Sovet İttifaqını bərpa etməyi hədəfləməyib.

“Belə plan yoxdur”, - deyə Peskov Saakaşvilinin iddiasına cavab verib.