“Əli Kərimlinin “Bakıda mitinq keçirməyimizdən qorxurlar” fikri yersiz və absurddur”. Bunu Sherg.az-a açıqlamasında Azərbaycan Demokratik Dünyası Partiyasının rəhbəri Əlisahib Hüseynov deyib.
Partiya sədri bildirib ki, iqtidar 28 sentyabr mitinqinə icazə verdi, lakin müxalifət razılaşmadı:
“İqtidar mitinqdən “qorxsaydı”, nəinki Bakının mərkəzində, hər hansı yaşayış məntəqəsində ümumiyyətlə mitinq keçirilməsinə icazə verməzdi. Mitinqə Lökbatanda yer ayrılması müxalifətin gücünü müəyyən etmək, nəyə qadir olduqlarını ayırd etmək baxımından mühüm addım idi. İqtidar müxalifəti test etdi, lakin müxalifət bu imtahandan qalibiyyətlə çıxa bilmədi. Həmişəki kimi yenə də uduzdu. Uduzacağını bəri başdan bildiyi üçün geri çəkilməyə, mitinqi təxirə salmağa üstünlük verdi. Çünki "Milli Şura"-AXCP cütlüyünün rəhbərləri özləri də yaxşı bilirlər ki, bu saat radikal müxalifət Qaradağ rayonunda izdihamlı mitinq keçirmək iqtidarında deyil”.
Ə.Hüseynovun sözlərinə görə, mitinqdə kütləviliyi təmin etmək mümkün olmayacaq, çünki müxalifətin o boyda elektoratı, sosial bazası yoxdur:
“Lökbatanda mitinqin keçirilməsi qərarı ilə razılaşmaq müxalifətin öz qətlinə fərman verməsi kimi ağır bir sonluqla nəticələnə bilərdi. Məhz bu aqibətdən qurtulmaq üçün vəziyyətdən ən optimal çıxış yolu kimi Lökbatanda mitinq keçirmək variantından vaz keçildi”.