Ermənistan baş naziri Nikol Paşinyanla bağlı ölkə daxilində etirazlar güclənməkdədir. Baş nazirin yarıtmaz siyasəti erməni ictimaiyyətinin bütün təbəqələri tərəfindən sərt etirazla qarşılanır. Paşinyan sadəcə etirazla üzləşmir, hətta konkret istefa verməyə çağırılır. Ötən gün tanınmış erməni politoloqu Stepan Danielyan Feysbuk səhifəsində “Nikol destruktiv şəxsdir, istefa verməlidir” yazıb.
Analitik bildirib ki, hazırda Ermənistana cəmiyyətin bütün qatları ilə dialoqa gedəcək şəxs lazımdır: “Nikolun istəyib-istəməməsindən asılı olmayaraq, o, istefaya getməlidir. Bu o demək deyil ki, Ermənistanda hakimiyyət dəyişikliyi olmalıdır. Hakimiyyət baş nazirə yox, xalqa məxsusdur və yeni hökumətin formalaşdırılması hakimiyyətin dəyişməsi anlamına gəlmir. Nikol destruktiv şəxsdir və o, cəmiyyəti konsolidasiya şanslarından istifadə edə bilmədi”.
Düşmən ölkədəki siyasi gərginliyi Sherg.az-a dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev bildirib ki, Nikol Paşinyana qarşı radikal qüvvələrin və etirazların meydana çıxması ölkədəki sosial-iqtisadi problemlərlə bağlıdır:
“Burada xarici qüvvələr tərəfindən edilən müdaxilələr də mühüm rol oynayır. Bəlkə də Paşinyan özündən əvvəlki ölkə başçısı Serj Sarkisyanın siyasətini davam etdirsəydi, yəni Rusiya ilə münasibətləri normal saxlasaydı, ona qarşı səslərin bu qədər yüksəlməsinə imkan yaradılmazdı. Əslində Sarkisyan dövründəki sosial-iqtisadi problemlər indikindən çox da fərqlənmir. O baxımdan düşünürəm ki, Paşinyanı istefaya çağıran həmin politoloq bunu Moskvanın təlimatı ilə edir. Paşinyan isə bu vəziyyətdə aciz şəkildə Qərbin dəstəyini gözləyir. Əgər gözlədiyi dəstək gəlməsə, bu ilin sonuna qədər Paşinyan hakimiyyətinin sonunu görəcəyimizi istisna etmirəm”.