Millət vəkilinin istefası: Hansı deputatın məsuliyyət hissi yoxdursa... 

Mandat vəsiqəsini girov qoyub borc götürməklə gündəmə gələn millət vəkili Rafael Cəbrayılov parlamentə müraciət edib. Deputat Konstitusiyaya müvafiq olaraq mandatından imtina etmək və istefa vermək qərarına gəlib. R.Cəbrayılov müraciətində seçicilərindən üzr istəyib. Parlament üzvünün müraciətini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli oxuyub. Ə.Hüseynli bildirib ki, protokol qaydasında qərar Mərkəzi Seçki Komissiyasına göndərilir. Seçki Məcəlləsinə uyğun olaraq MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul edir. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, hələlik məsələ ilə bağlı MSK-ya müraciət daxil olmayıb: “Parlamentdən göndəriş daxil olduqdan sonra buna baxılıb, müvafiq qərar qəbul olunacaq”. 

Xatırladaq ki, Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoyaraq 2015-ci ildə 300 min ABŞ dolları məbləğində borc alıb. Borcun qaytarılmadığını görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs, yəni Rafael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Məlumat üçün bildirək ki, bu hadisəyə kimi Milli Məclisin tarixində deputatlıqdan könüllü imtina edən və ya millət vəkilliyindən məhrum edilənlər olub. Mandatından könüllü imtina edən sabiq deputatlardan biri də Gülər Əhmədovadır. 2012-ci ildə G.Əhmədovanın deputatlıqdan könüllü olaraq imtina etməsi barədə müraciəti Mərkəzi Seçki Komissiyasına göndərilib. Məsələ MSK-da səsverməyə çıxarılıb və nəticədə onun deputat mandatı ləğv edilib. R.Cəbrayılovla bağlı da bu cür prosesin təkrar olunacağı istisna olunmur. 



Məhərrəm Zülfüqarlı: "Seçicilərə hörmətlə yanaşsınlar və neqativ əməllərdən uzaq dursunlar"


AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı da “Şərq”ə bildirib ki, hər millət vəkilinin güclü məsuliyyət hissi olmalıdır. M.Zülfüqarlının fikrincə, millət vəkillərinin qanunları pozması yolverilməzdir:

“Deputatlar unutmasınlar ki, onlar ən azı 40 min seçicinin səsi nəticəsində mandat əldə ediblər. Ona görə də seçicilərə hörmətlə yanaşsınlar və neqativ əməllərdən uzaq dursunlar. Hansı deputatın məsuliyyət hissi yoxdursa və onun hərəkətləri cəmiyyət tərəfindən narazılıqla qarşılanırsa, onlar mütləq cəzalandırılmalıdır. Gələn il parlament seçkiləri keçiriləcək. Yaxşı olar ki, yüksək keyfiyyətə malik olduğunu düşünən şəxslər deputatlığa namizəd olsunlar. Əgər kimlərsə alverçiliklə və bizneslə məşğul olmaq niyyətindədirsə, o zaman bildikləri işlə məşğul olsalar daha yaxşı olar. Parlament qanunverici orqandır. Burada ziyalıların, hüquqşünasların, peşəkar siyasətçilərin təmsil olunması daha məqsədəuyğundur”. 



Tural Abbaslı: "İnsanın gözünü var-dövlət hərisliyi nə qədər kor etməlidir ki..."


Ağ Partiya başqanı Tural Abbaslı isə Rafael Cəbrayılovun hərəkətini heç bir izahı olmayan biabırçılıq adlandırıb. Partiya rəhbəri bildirib ki, bu hadisə bizə məlum olmayan faktlardan sadəcə biridir:

“Əminəm ki, indiki Milli Məclisin tərkibində araşdırma aparılsa, onlarla deputatın öz səlahiyyətlərindən sui-stifadə halları üzə çıxar. İnsanın gözünü var-dövlət hərisliyi nə qədər kor etməlidir ki, vətəndaş etimadının göstəricisi olan deputat mandatını şəxsi kommersiya maraqlarına görə girov qoyasan. Sual edirəm, əgər hadisə sosial şəbəkələrdə bu qədər diskusiya mövzusu olmasaydı, həmin deputat istefa verərdimi?”.