Saakaşvilinin dövrü qapanıb: Onun yenidən Qərbin dəstəyini ala biləcəyi sual altındadır

Belə halda onun Gürcüstana qayıtması mümkünsüzdür


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili 2020-ci ilin parlament seçkisinə qədər Gürcüstana geri dönəcəyini bildirib. Saakaşvili gürcü xalqı ilə birgə Bidzina İvanişvilinin Gürcüstandakı hakimiyyətinə son qoyacağını deyib: “Yaxın aylarda Gürcüstana gəlməyi planlaşdırıram. Burada gizlədəsi heç nə yoxdur. Ukraynada özümü yaxşı hiss edirəm, amma biz vətənimizi itiririk. Mən gürcü xalqıyla birgəyəm, siyasətçi deyiləm, müasir gürcü dövlətçiliyinin təsisçisiyəm, Gürcüstan vətənpərvəriyəm. Məni Gürcüstanda tutub-tutmayacaqları xalqdan asılıdır.

Ukraynada həbsdən qorxmadım, öz ölkəmdə də qorxmuram”. Xatırladaq ki, sabiq prezident Mixail Saakaşvili barəsində bir neçə cinayət işi açılıb. Buna rəğmən Saakaşvili dəfələrlə Gürcüstana qayıdacağına söz verib. Lakin uzun zaman keçməsinə baxmayaraq, hələ də öz ölkəsinə ayaq basa bilməyib. 



Eks-prezidentin bəyanatını “Şərq”ə dəyərləndirən politoloq Azər Qasımov vurğulayıb ki, Gürcüstanın keçmiş rəhbəri Mixail Saakaşvili ölkədə demokratik mühit yaradan prezident kimi tarixə düşüb. Lakin artıq onun dövrü qapanıb:

“Saakaşvilinin yenidən Gürcüstana qayıtmasına imkan verməzlər. Gürcüstanın indiki hakimiyyəti Bidzina İvanişvilinin nəzarəti altındadır. İvanişvilinin də rusyönümlü olması hamıya bəllidir. Xalqın İvanişvilini dəstəkləməsi nisbi xarakter daşıyır. Keçən prezident seçkilərində xalq bank borclarının silinəcəyi xəbərindən sonra “boz kardinal”ının namizədi Salome Zurabişvilini dəstəkləmiş, Saakaşvili tərəfdarları məğlub olmuşdular. Bu baxımdan Bidzina tərəfdarlarının nə edəcəyi, xalqa nə vəd verəcəyi proseslərdə əsas rol oynayır”. 

Siyasi şərhçinin fikrincə, Saakaşvili Qərbin və Avropanın dəstəyi ilə hakimiyyətə gəlmişdi. Ancaq indi onun yenidən Qərbin dəstəyini ala biləcəyi sual altındadır: 

“Qərb və Avropa Gürcüstanı 2008-ci il 8 avqust hadisələrindən sonra yarı yolda qoydu, torpaqlarının işğalına şərait yaratdı. Bu baxımdan gürcü xalqı avantürist dövlət başçısı istəmir, kim yaxşı yaşayış vədləri verirsə, onu dəstəkləyir. Qərb və Avropa da müharibədən sonra Rusiya ilə güc diliylə danışmaq yolundan çəkinir. Ona görə də Saakaşvili kimi siyasətçilərə yenidən dəstək vermək istəmir. Belə halda Saakaşvilinin Gürcüstana qayıtması mümkünsüzdür. Amma qayıdacağı təqdirdə Ukraynadakı kimi sərbəst qalacağına inanmıram. Saakaşvili Kiyevdə daha çox Qərbin Ukraynada geostrateji maraqları olduğu üçün sərbəst qalmışdı. Lakin Cənubi Qafqazda bu maraqlar bir qədər fərqlidir”.