“Cənab Prezidentin Soçi səfəri və “Valday” klubunda çıxışı hər bir Azərbaycan vətəndaşı kimi məni də qürurlandırdı”.
Bunu “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib.
Siyasi şərhçi vurğulayıb ki, Prezidentin “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi lazımi yerlərə mühüm mesajlar verdi:
“Dövlət başçısının sözləri həm son aylar sərsəm ifadələr səsləndirən Ermənistan baş naziri Nikol Paşinyan və erməni xalqına, həm də dünyadakı ermənipərəst qüvvələrə yetərli xəbərdarlıq oldu. Prezident bütün Azərbaycan xalqının timsalında vahid mövqeyimizi dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Dağlıq Qarabağ problemi gec-tez öz həllini ədalətli şəkildə tapacaq. Azərbaycan Prezidentinin çıxışından sonra artıq hər kəs buna əmin ola bilər. Dövlət başçısı növbəti dəfə dünyaya çatdırdı ki, Azərbaycanın taleyinin öz xalqının və Prezidentinin əllərindədir. Bu, olduqca mühüm mesajdır”.