Etimad limitləri tamamilə tükənib: Radikal müxalifət siyasi arxivə yuvarlanacaq

“Hörmətli Əli Həsənov mühüm məqamlara toxunub. Çox təəssüf ki, bir çox hallarda Azərbaycan müxalifətini milli məsələlərdə dövlətin maraqlarının yanında görmürük”. 

Bunu Sherg.az-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib. 

Birlik rəhbəri deyib ki, radikal müxalifət Azərbaycan iqtidarını gözdən salmaq və qaralamaq üçün ölkəmizə düşmən kəsilmiş istənilən qüvvələrlə əlbir olmağa hazırdır: 

“Müxalifət ölkədə gedən islahatları, genişmiqyaslı sosial tədbirləri ləkələmək üçün inkarçılıq mövqeyi tutur. Əslində radikal müxalifət Azərbaycan iqtidarına qarşı deyil, birbaşa dövlətə, dövlətçiliyə qarşı durur. Əli müəllim tarixə ekskursiya edərək müxalifətin sərgilədiyi davranışları yenidən xatırladıb. Ötən gün Varşavada, ATƏT-in sammitində baş verən olayların canlı şahidlərindən biri də mənəm. Sapı özümüzdən olan baltalar, müxalifət kimi görməkdən utandığımız şəxslər, yeri gəldi-gəlmədi Azərbaycan hakimiyyətini gözdən salmağa yönəlik çıxışlar edirdilər. Təsəvvür edin, onlarla paralel bədnam düşmənlərimiz də Azərbaycana hədyanlar yağdırırdı. Çox təəssüf edirəm ki, Azərbaycana müxalif olan qüvvələr həm ölkə daxilində, həm də beynəlxalq platformalarda ermənilərlə eyni sırada dayanırlar. Ölkədəki bütün müsbət işlərə inkarçılıq siyasəti ilə yanaşmaq yolverilməzdir”.  



"Müxalifət fərqli adlar altında mənasız aksiyalar təşkil etməklə özlərinin mövcudluğunu isbat etməyə cəhd göstərirlər"


Gənc fəal vurğulayıb ki, xalqımız baş verənləri çox yaxşı analiz edir: 

“Azərbaycanda radikal müxalifətin xalq tərəfindən etimad limiti tamamilə tükənib. Müxalifət fərqli adlar altında mənasız aksiyalar təşkil etməklə özlərinin mövcudluğunu isbat etməyə cəhd göstərirlər. Amma bu taktika artıq keçmir. Millətimiz hər zaman olduğu kimi növbəti seçkilərdə də radikal müxalifətə layiqli yerini göstərəcək və onları tarixin siyasi arxivinə yollayacaq”. 

Qeyd edək ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AzTV-də yayımlanan “Həftə” verilişində radikal müxalifətlə bağlı mühüm fikirlər səsləndirib. Professor bildirib ki, “biz cənab Prezidentin yürütdüyü aydın, qətiyyətli, prinsipial siyasətlə nə qədər qürur duyuruqsa, bir o qədər də Azərbaycan müxalifətinin qeyri-vətənpərvərliyinə görə xəcalət çəkirik”.