Ekspertlər arzulayır ki, parçalayan yox, birləşdirən seçki olsun!
Məlum olduğu kimi oktyabrın 12-də Müsavat Partiyası növbəti 9-cu qurultayını keçirəcək. Partiya sədrliyinə 3 funksioner – indiki başqan Arif Hacılı, Yadigar Sadıqlı və Tofiq Yaqublu namizədliyini irəli sürüblər. Digər iki namizəd hazırkı sədrin fəaliyyətini qənaətbəxş hesab etmədikləri üçün namizəd olduqlarını açıqlayıblar. A.Hacılı partiyanın 2014-cü ilin oktybarında keçirilən 8-ci qurultayında başqan seçilib. Artıq namizədlər arasında başqanlıq uğrunda mübarizəyə start verilib. Hər üç namizəd həm paytaxt Bakıda, həm də rayonlarda öz təbliğatlarını aparır.
9 oktyabr tarixində Müsavat başqanlığına namizədlər arasında canlı debat keçiriləcəyi deyilir. Arif Hacılı debatda tanınmış müsavatçılar Yadigar Sadıqlı və Tofiq Yaqublu ilə üz-üzə gələcək və namizədlər öz platformalarını ortaya qoyacaqlar. Məlumat üçün deyək ki, Müsavat Partiyası Azərbaycanda mövcud olan ən yaşlı siyasi təşkilatdır. Qurumun ilk qurultayı 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilib. Ümumiyyətlə, Müsavat daxilində gedən proseslər, xüsusən sədrlik uğrunda mübarizə ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Həm mediada, həm də sosial şəbəkədə məsələyə münasibət bildirənlər namizədlərdən hansının başqanlığa daha çox layiq olduğunu dəyərləndirirlər.
Müsavat Partiyasının üzvü, tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu “Şərq”ə açıqlamasında sədrliyə iddialı bütün namizədlərin yaxşı insanlar olduğunu deyib. Ancaq hüquq müdafiəçisi Müsavat Partiyasının rəhbəri kimi Arif Hacılını görür:
“Arif Hacılı uzun müddətdir hərəkatın üzvüdür və hər zaman öndə olub, aktiv fəaliyyət göstərib. Ona görə də A.Hacılının namizədliyini dəstəkləyirəm. Başqa kim istəsə öz namizədliyini irəli sürə bilər. Qoy, onlar da güclərini sınaqdan keçirsinlər. Amma hesab edirəm ki, sədr seçkisində indiki başqan Arif Hacılı qalib olacaq. Çünki o, partiyanın bütün işlərini və problemlərini daha yaxşı bilir. Partiyaya rəhbərlik etdiyi dönəmdə də təşkilatın mövcudluğunu və səsini dünyaya çatdıra bilib. Dünya ictimaiyyəti artıq Arif Hacılını Müsavat sədri kimi tanıyır”.
N.Cəfəroğlu digər iki namizədin hazırkı başqan Arif Hacılının fəaliyyətini tənqid etməsinə də münasibət bildirib: “Demokratik dövlətdir, istənilən siyasətçi digərini tənqid edə bilər. Tənqid qorxulu deyil, amma normal tənqiddən söhbət gedir. Söyüş və təhqir qətiyyən olmamalıdır”.
Keçmiş müsavatçı, yazıçı-publisist Vahid Qazi də feysbuk profilində Müsavatda gedən prosesləri şərh edib. O deyib ki, əvvəlki seçki təəssüf doğurdu və partiya parçalandı:
“Arzu edilən o idi ki, narazılar təşkilatı tərk etməyəydilər və qalıb böyük fraksiya yaradaydılar. O vaxt yazımda Qubad İbadoğlunu yox, açıq şəkildə Arif Hacılını dəstəkləmişdim. İstiqlalçı millət vəkili, hərəkat liderlərindən biri kimi başqanlığı onun haqq etdiyini yazmışdım. Şad olduğum o idi ki, Qubad bəy o yazını anlayışla qarşılayıb, özünəməxsus ağayanalıqla məndən inciməmişdi. O vaxt partiya parçalanmasaydı, bu gün mən ikinci “Müsavat Partiyasının üzvü olsaydım…” yazısı yazar, Qubad bəyi dəstəkləyərdim. İndi Müsavat sədr seçkisinə üç layiqli namizədlə gedir. Bir-birindən layiqli üç namizədlə seçkiyə getməsi Müsavatın son illərdəki ən böyük uğurlarından biridir. İkinci belə bir hala başqa heç bir partiyada rast gəlinməyib. Mən “Müsavat Partiyasının üzvü olsaydım…” adlı ikinci yazı yazmaq istəmirəm, partiya üzvləri özləri seçim edəcəklər. Mənə sadəcə arzulamaq düşər. Arzu edirəm ki, parçalayan yox, birləşdirən seçki olsun. Əgər Müsavat Partiyasının üzvü olsaydım, siyasətimizi ictimai qeybət səviyyəsindən çıxarıb siyasi mədəniyyət nümunəsinə çevirəcək şəxsə səs verərdim”.