Əli Əsədovdan gözləntilər böyükdür: TƏCRÜBƏLİ KADRDI

“Dövlət başçısı İlham Əliyev ölkəmizin sürətli iqtisadi inkişaf kursunu götürüb və sosial-iqtisadi siyasəti əsas prioritet elan edib. Nazirlər Kabineti, baş nazir isə hökumətə, xüsusən də iqtisadi orqanlara rəhbərlik edir”. 

Bunu Sherg.az-a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib. 

İqtisadçı bildirib ki, baş nazir postunun böyük iqtisadi biliyi və təcrübəsi olan şəxsə etibar edilməsi yaxşı haldır: 

“Əli Əsədovun bu sahədə yüksək təhsili var. Belə ki, dünyanın ən böyük iqtisadi universitetlərindən birini - Moskva Xalq Təsərrüfatı İnstitunu bitirib. Həm də elmi və iş fəaliyyətini iqtisadi sahədə davam etdirib. Sonda Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi postu kimi çox vacib vəzifə ona etibar edilib. Bu post isə, məlum olduğu kimi iqtisadi sahədə ən təcrübəli və bilikli mütəxəssisə etibar edilir. 

Əlbəttə, Novruz Məmmədov da çox dəyərli bir mütəxəsisdir. Lakin o, siyasi sahədə təcrübəli və dərin bilikli alimdir. Baş nazir postuna da Prezident Administrasiyasnın xarici siyasət şöbəsinin müdiri vəzifəsindən gəlmişdi. Görünən odur ki, o, bir vicdanlı məmur kimi, hökumət rəhbəri kimi elan olunmuş iqtisadi inkişaf kursunu aparacaq mütəxəssis olmadığını, ölkəyə, xalqa böyük fayda verə bilməyəcəyini başa düşüb və dövlət başçısından onu bu postdan azad etməsini xahiş edib. Bu, əlbəttə, son dərəcə təqdirəlayiq səmimi addımdır”.



Ekspert: "Əminəm ki, o ictimai rəydə baş nazir postu haqda yaranmış stereotipi kökündən dəyişdirə biləcək"


E.Bayramlının sözlərinə görə, NK-ya iqtisadçı mütəxəssisin rəhbərliyi məqsədəuyğun bilinib: 

“Hesab edirəm ki, bu, son dərəcə düzgün yanaşmadır. Əsas vacib sahə iqtisadiyyatdır. Bütün digər sahələr, hətta siyasət də iqtisadiyyatın çiyinlərində dayanır. Hökumətin çevik fəaliyyəti və iqtisadi islahatları düzgün aparması vacibdir. Ona görə də, hökumət başçısı postunun güclü iqtisadçıya etibar edilməsinin müsbət nəticələr verəcəyinə və ölkə iqtisadiyyatında hökumətin siyasətinin effektiv, operativ və peşəkarcasına həyata keçirilməsinə səbəb olacağına inanıram. Təsadüfi deyil ki, parlamentdə onun namizədliyi yekdilliklə qəbul olundu və əleyhinə bircə nəıfər də səs vermədi. Yeni baş nazirimiz hörmətli Əli Əsədova uğurlar arzulayıram. Əminəm ki, o ictimai rəydə baş nazir postu haqda yaranmış stereotipi kökündən dəyişdirə biləcək. Son nəticədə öz biliyi, təcrübəsi ilə hökumətin içinin səmərəliliyində, ölkə iqtisadiyyatının inkişafının fundamental əsaslarda təmin edilməsində əlindən gələni edəcək”.