“Prezident İlham Əliyevin “Valday” Klubundakı çıxışı təkcə öz daxili auditoriyamızda və Ermənistan ictimaiyyətində yox, dünyada böyük əks-səda doğurdu”. Bunu Sherg.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının rəhbəri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, bu da ilk növbədə cənab Prezidentin çıxışı zamanı BMT başda olmaqla beynəlxalq qurumların fəaliyyətini tənqid etməsi ilə bağlıdır:
“Əvvəla Prezident qətiyyətlə bəyan etdi ki, Dağlıq Qarabağ tarixi, mədəni, demoqrafik, siyasi, geosiyasi və bütün digər mənalarda daim Azərbaycanın olub və ora indi də Azərbaycandır. Prezidentin tarixə düşən və çox dəqiqliklə ifadə etdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" ismarıcı təkcə Ermənistan rəhbərliyinə deyil, eyni zamanda vasitəçilərə və bütün beynəlxalq təşkilatlara da ünvanlanmışdı. Bugünlərdə erməni KİV-lərinin və ekspertlərinin dövlət başçımızın bu bəyanatına necə reaksiya verməsilə yaxından maraqlanırdım. Erməni mətbuatı haqlı olaraq İlham Əliyevin bu fikrinin Nikol Paşinyanın "nöqtəsini əzib keçdiyini" yazıb. Doğrudan da cənab Prezidentin bu cavabı Paşinyanı "nokaut"a salan çox güclü və dəqiq ifadə edilmiş cavabdır. Ölkə rəhbərinin sözləri həmçinin "Valday" Klubunun sözügedən toplantısında iştirak edənlərə açıq diplomatik mesaj idi. Yəni Dağlıq Qarabağ işğal olunub və bu işğal hələ də davam edir”.
Partiya sədri: "Erməni mətbuatı haqlı olaraq İlham Əliyevin bu fikrinin Nikol Paşinyanın "nöqtəsini əzib keçdiyini" yazıb"
Ə.Hüseynov bəyan edib ki, münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Lakin təəssüflər olsun ki, həmsədrlər uzun illərdir ki, Azərbaycanın haqqının bərpa olunmasına yardım etmir:
“Prezident həmsədrlərin özlərinə və beynəlxalq təşkilatların rəhbər şəxslərinə çatdırmaq istəyirdi ki, vasitəçilər və bütün digər diplomatlar sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də, işğalçı Ermənistanın ərazilərimizdən çıxması üçün heç bir əməli addım atmır, işğalçıya real təzyiq göstərmirlər. Prezident bu çıxışı ilə beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin həlli məsələsində sadəcə və sadəcə səmərəsiz diplomatiya ilə məşğul olduqlarını açıb göstərdi. Prezidentin BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin icra olunmadığını xüsusi vurğulaması da olduqca vacib idi. Ölkə rəhbəri qeyd etdi ki, BMT bir sıra qətnamələri cəmi bir neçə gündə yerinə yetirir, bizə gəldikdə isə qətnamələr 25 ildən artıqdır ki, kağız üzərində qalır. İlham Əliyev bu fikri ilə BMT-nin faktiki olaraq qeyri-səmimi bir mövqe tutduğunu və "ikili standart"lardan çıxış etdiyini vurğuladı. Məhz bu səbəbdəndir ki, bu təşkilatın nüfuzu aşağı düşüb və onun yenilənməsinə böyük ehtiyac yaranıb. Dövlət başçısı Dağlıq Qarabağa dair BMT qətnamələrinin implementasiyasının vacibliyini də qeyd etdi. Əks halda isə BMT-nin nə üçün mövcud olduğu sualı meydana çıxır. Doğrudan da, BMT bu cür ədalətsiz davranışları əslində öz varlığının şübhə altına alınmasına şərait yaradır”.
Partiya sədri Prezidentin “Valday”dakı çıxışında beynəlxalq təşkilatları bu cür açıq tənqid etməsini və bütün məsuliyyəti onların daşıdığını vurğulamasını tamamilə haqlı hesab edir:
“Bir qədər sərt olsa da, çox haqlı tənqid idi. Çünki beynəlxalq təşkilatlar bu tənqidi çoxdan haqq etmişdilər. Başqa sözlə desək, İlham Əliyev “Valday”dakı nitqində bizim səbrimizin limitsiz olmadığını açıq mətnlə qeyd etdi”.