Məqsədləri xaos yaratmaqdır: "Polisi təhqir edib təxribata çəkmək cəhdi də bundan qaynaqlanır"

“AXCP böyük iddialarla təşkil etdiyi piketə heç 50 nəfər də cəlb edə bilmədi”. Bunu Sherg.az-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

Baş redaktor bildirib ki, AXCP sədri hay-küy salaraq sərbəst toplaşmaq azadlığından istifadə etmək istədiklərini deyirdi: 

“Azərbaycan dövləti hər zaman insan haqqlarının qorunmasına, sərbəst toplaşma qanuna ehtiramla yanaşıb. Məhz buna görə də həmin qüvvələrə piket keçirmək imkanı verildi. Əslində onların məqsədi başqa idi. Fikir verdinizsə, partiya üzvləri aksiyadan əvvəl səkilərdə, insanların gediş-gəlişinin çox olduğu yerlərdə, istirahət məkanlarında durmuşdular. Çalışırdılar ki, piketə dəxli olmayan digər vətəndaşları öz adamları kimi təqdim etsinlər. Bununla aksiyaya gələnlərin sayını daha çox göstərmək və kiçik piketi böyük mitinqə çevirmək istəyirdilər. Lakin hər zaman olduğu kimi bu dəfə də çirkin əməlləri baş tutmadı. Piketə 50 nəfər gətirə bilməyən adamlar mitinq üçün böyük meydan tələb edirlər”. 



Bəhruz Quliyev: "AXCP rəhbərinin piketdən yayınması orada biabırçı duruma düşəcəyini əvvəlcədən bilməsi ilə bağlıdır"


B.Quliyevin sözlərinə görə, mitinq erası çoxdan bitib: 

“Buna rəğmən AXCP-yə mitinq üçün meydan verilir və hətta ora gələn radikal müxalifət nümayəndələrinin təhlükəsizliyi də təmin olunur. Ancaq radikal müxalifətin məqsədi sözlərini çatdırmaq deyil, sadəcə ara qarışdırmaq, ölkədə xaos yaratmaq və insanları yoldan çıxartmaqdır. Piket zamanı da polisi təhqir etdilər, söydülər, təxribata çəkməyə çalışdılar. Çünki bilirlər ki, artıq onları dəstəkləyənlər yoxdur. Ona görə də sosial şəbəkələrdə saxta profillər açaraq trolluq edirlər. Əsas məsələ isə Əli Kərimlinin piketə gəlməməsi idi. AXCP rəhbərinin piketdən yayınması orada biabırçı duruma düşəcəyini əvvəlcədən bilməsi ilə bağlıdır. Bu da onu göstərir ki, Əli Kərimli öz tərəfdaşlarını hər zaman yarı yolda qoyub, onlara xəyanət edib. Bu insanlara güvənmək olmaz”.